Indiyədək PKK teror təşkilatının Azərbaycanda yerləşməsi istiqamətində göstərdiyi cəhdlər, təşkilatın ölkəmiz üçün təhlükə mənbəyinə çevrilməsi və ciddi dayaqlara malik olması barədə mətubatda dəfələrlə yazılıb. Məsələ ilə bağlı ekspert rəyləri öyrənilib. Kütləvi informasiya vasitələrinin həyəcan təbili çalmasına baxmayaraq rəsmi qurumlar iki gün öncəyə qədər problemlə bağlı hər hansı bir açıqlama vermirdilər. Bir məqamı da qeyd edək ki, Milli Məclisdə dəfələrlə PKK-nın terorçu təşkilat kimi tanınması barədə bir neçə deputat tərəfindən məsələ qaldırılsa da, qanunverici orqan məlum olmayan səbəblərdən bundan imtina edib. Baxmayaraq ki, Türkiyə prezidenti Abdulla Gül Bakıya səfər edərkən parlamentin rəhbərliyi tərəfindən belə bir mövqe ortaya qoyuldu ki, Milli Məclis PKK-nı terorçu təşkilat kimi tanıyacaq. Sonradan isə əsassız bəhanələrlə verilən vəd yerinə yetirilmədi. Bu nəticədə qalmaqalın yaranmasına səbəb oldu. Millət vəkili Pənah Hüseyn vitse-spiker Ziyafət Əsgərovu terorçu təşkilatın maraqlarına qulluq etməkdə ittiham etdi. Təbii ki, bütün bu baş verənlərdən sonra xarici işlər nazirinin müavini Araz Əzimovun "Azadlıq" radiosuna verdiyi açıqlamanı gözlənilməz hesab etmək olar. Xatırladaq ki, Əzimov Azərbaycanla ABŞ-ın antiterror danışıqlarında PKK məsələsini müzakirə etdiyini bildirərək müxtəlif mənbələrdən gələn məlumatlara görə, PKK teror təşkilatının ölkəmizə daha yaxınlaşdığını söyləyib. XIN rəsmisi onu da qeyd edib ki, danışıqlarda həm də terorun maliyyələşməsinin qarşısını almaq və çirkli pulların yuyulması kimi məsələlərə də baxılır. PKK lideri Abdulla Öcalanın məhkəmədə Azərbaycanda maliyyə dayaqlarının olması fikirini səsləndirməsi faktını yada saldıqda, əslində aparılan müzakirələrdə bu mənbələrin qarşısını almaq məsələsinin müzakirə edildiyini ehtimal etmək mümkündür. Ümumiyyətlə, düşünmək olar ki, PKK-nın Azərbaycanda çox ciddi dayaqlarının olması haqqında yetərli informasiyalara malik Türkiyə ABŞ-ın köməkliyi ilə ölkəmizdə terorçu təşkilatın fəaliyyətini məhdudlaşdırmaq, zərərsizləşdirmək məqsədilə təzyiq mexanizmlərini işə salıb. Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Ilham Ismayıl ehtimal edir ki, Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin terror məsələləri üzrə əlaqələndiricisinin birinci müavini, dövlət katibinin müşaviri Frenk Urbançiklə danışıqlarda Azərbaycan tərəfinə PKK terror təşkilatı ilə bağlı müəyyən informasiyalar verilib. Araz Əzimovun bəyanatı da bu informasiyaların nəticəsi olaraq meydana çıxıb: "Artıq neçə illərdir ki, Azərbaycanın müstəqil mətbuatı, eyni zamanda Türkiyə mətbu orqanları dəfələrlə yazıblar ki, PKK-nın Azərbaycanda dayaqları var. Ancaq bu dayaqların hansı formada olması barədə dəqiq məlumat və informasiya olmayıb. Nəhayət ki, Azərbaycan rəsmilərindən biri, xarici işlər nazirinin rəsmisi Araz Əzimovun dilindən səslənən fikirlərlə öz təsdiqini tapdı. Baxmayaraq ki, bu fikirlər həddindən artıq yumşaq şəkildə və diplomatik formada səslənib. Doğrudur, Araz Əzimov deyir ki, PKK Azərbaycana yaxınlaşıb. Ancaq hesab etmək olar ki, terorçu təşkilat artıq Azərbaycanın içərisindədir. Bizim xüsusi xidmət orqanları üçün də yaxınlaşma artıq PKK-nın içəridə olduğu siqnalını verməlidir və onlar çox ciddi fəaliyyətə başlamalıdırlar. ABŞ dövlət başçısı Türkiyənin baş naziri Ərdoğanla görüşərkən bəyan etmişdi ki, PKK-ya qarşı mübarizədə hər zaman türklərə dəstək verməyə hazırıq. Görününr, prespektivdə PKK-nın Azərbaycanda ABŞ-ın maraqlarına da zərbə vurması ehtimal edildiyindən həyəcan təbili çalınıb". Ekspert terorun A.Əzimovun "terorun maliyyələşməsinin qarşısının alınması və çirkli pulların yuyulması kimi məsələlərə baxılacaq" fikirinə də münasibət bildirib: "Terrorda çirkli pul necə yuyula bilər? Çirkli pul terroru maliyyələşdirə bilər. Sadəcə bununla bağlı informasiyalar olduğundan A.Əzimovun dilindən belə bir fikir səslənib. Əgər terrorun maliyyələşməsi Azərbaycanla bağlı olmasa idi, belə fikir ortaya qoyulmazdı. Yenə də deyirəm, dəfələrlə deyilən və yazılan bir problem artıq rəsmi şəkildə öz təsdiqini tapır. Ümumiyyətlə PKK-nın Azərbaycanda hərbi sturukturları yoxdur. Azərbaycanda PKK-nın yalnız maliyyə dayaqları ola bilər. Məhz bu maliyyə dayaqlarını aşkarlamaq lazımdır". AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı isə hakimiyyətin indiyədək bu məsələ ilə bağlı konkret mövqenin ortaya qoyulmamasını rejimin şəxsi maraqları ilə bağlı olduğunu düşünür: "Çünki PKK-nın Azərbaycanda təkcə maliyyə dayaqlarının deyil, siyasi hakimiyyətə təsir imkanları qazanması ilə bağlı məlumatlar ictimai fikirdə yer tapıb. A.Əzimovun fikirləri onu göstərir ki, doğurdan da bu məsələ ilə bağlı fakt var və artıq faktı inkar etmək mümkün deyil. Indiyəcən hakimiyyət bu faktı danırdı, inkar edirdi. Ancaq ABŞ və Türkiyə PKK-nın hansı ölkədə dayaqlar tapmasını dəqiq bilirlər. Ona görə də, Əzimovun dediklərini Urbançiklə görüş konteksində şərh etmək lazımdır. PKK-nın fəaliyyəti ilə bağlı informasiyaların başqa dillərdən çıxmaması səbəbindən Azərbaycan tərəfi qabaqlayıcı addımlar atır və problemi özünə sərf edən formada səsləndirir. Ümumiyyətlə XIN rəsmisinin dedikləri birmənalı mövqeyi ifadə eləmir. Azərbaycan indiyədək PKK məsələsinə münasibət bildirməkdən çəkinib. Bu fakt isə PKK-nın Azərbaycanda siyasi təsir imkanı qazanması haqqında söylənilənləri təsdiqləyir. Araz Əzimovun bu məsələ ilə bağlı ortaya qoyduğu mövqe kifayət qədər diplomatik idi. Çalışılıb ki, bu fikirlərdə Azərbaycanın birmənalı mövqeyi nəzərə çatdırılmasın". F.Qəhrəmanlı deyir ki, XIN rəsmisinin söylədiklərini Azərbaycanın öz iradəsinin ifadəsi kimi qəbul etmək olmaz: "Ona görə ki, əgər Azərbaycan hakimiyyəti səmimi olaraq belə bir mövqe ortaya qoysaydı, bunu indiyədək ifadə etmiş olardı. Terorçu təşkilatın Azərbaycandakı şəbəkəsinə qarşı konkret addımlar atılardı. Hakimiyyət indiyədək mövcud olan faktlara münasibət bildirmək, mövcud olan təhlükəni aradan qaldırmaq istiqamətində çalışmayıb, əksinə təhlükənin Azərbaycan ictimaiyyətdən gizlədilməsi istiqamətində fəaliyyət göstərib. Təəssüf ki, hər zaman bu məsələyə sadəcə olaraq Azərbaycan-Türkiyə münasibətlərinin pozulmaması kontekstindən yanaşılıb. Ümumiyyətlə Azərbaycanın bu məsələdə gerçək mövqeyi bundan sonra atılan addımlarla müəyyənləşəcək". AXCP funksioneri PKK-nın Azərbaycanda ciddi maliyyə dayaqlarının olmasını və bu səbəbdən sözügedən görüşdə terorun maliyyələşdirilməsi ilə bağlı müzakirələrin aparılmasını istisna etmir: "Terorçu təşkilatlar öz sturukturlarını, şəbəkələrini o ölkədə qururlar ki, həmin ölkələrdə iqtisadiyyat şəfaf deyil və qeyri-leqal iqtisadi əməliyyatlar keçirmək mümkündür. Korrupsiyanın geniş yayılması dövlət nəzarətinin həyata keçirilməsi imkanlarını da məhdudlaşdırır. Azərbaycan isə qeyri-qanuni pulların dövr etməsi, teror təşkilatların buradan maliyyə qaynağı kimi yararlanması üçün münbit şəraiti olan ölkələrdən biridir. Öcalanın məhkəmədəki çıxışı da təsdiqləyir ki, bu terorçu təşkilat əslində Azərbaycanda geniş bir şəbəkəyə, ciddi maliyyə dayaqlarına malikdir. Türkiyə mətbuatında da bununla bağlı vaxtaşırı yazı və informasiyalar dərc edilir. Ona görə də, bu versiya istisna edilmir". Ağa Cəfərli
Azadlıq, 16 fevral 2008-ci il
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203124996&archive=&start_from=&ucat=4
No comments:
Post a Comment