Milli Məclisin bugünki iclasında «Konstitusiyanın 95-ci maddəsinin 1-ci hissəsinə əlavələr edilməsi haqqında» 2005-ci il 13 dekabr 7-III KQD nömrəli Konstitusiya qanununda dəyişiklik edilib.
«Media forum» saytının parlament müxbiri xəbər verir ki, bununla da Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Dövlət Qulluğunu İdarəetmə Şurasının tabeçiliyindən çıxarılaraq müstəqil quruma çevrilib. Belə ki, dəyişiklik nəticəsində qanundakı «Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya» ifadəsindən «Dövlət Qulluğunu İdarəetmə Şurası yanında» hissəsi çıxarılıb.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvünü prezident, 5 üzvünü Milli Məclis, 5 üzvünü isə Konstitusiya Məhkəməsi təyin edir.
Komissiyanın vəzifələrinə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti həyata keçirmək, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığı həyata keçirmək daxildir.
Komissiyanın ilk iclası 2004-cü il aprelin 21-də keçirilib. Həmin iclasda Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev komissiyanın sədri seçilib.
Komissiyanın üzvləri Şahin Əliyev (Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri), Fuad Ələsgərov (Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri), Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri), Ramiz Rzayev (Ali Məhkəmənin sədri), Zakir Qaralov (baş prokuror), Fikrət Məmmədov (ədliyyə naziri), Ramil Usubov (daxili işlər naziri), Eldar Mahmudov (milli təhlükəsizlik naziri), Ziyafət Əsgərov (Milli Məclis sədrinin birinci müavini), Lətif Hüseynov (Milli Məclisinin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri), Əli Əhmədov (deputat, Yeni Azərbaycan Partiyasının icra katibi), Əli Hüseynov (Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri) və Bəxtiyar Əliyevdir (deputat).
2008-02-12, 17:33:00
http://www.mediaforum.az/print.php?lang=az&article_id=20080212052517893&page=00
No comments:
Post a Comment