Ermənistandakı seçkilərdə müharibə veteranları eks-prezidenti dəstəkləyəcək, kriminal ünsürlər isə mövqelərini müəyyənləşdirmək üçün toplantı keçirib

O deyib ki, Robert Köçəryanın başçılıq etdiyi indiki hakimiyyət vaxtilə Azərbaycanla aparılan sülh danışıqlarında Mehrini verməyə razı idi. Lakin parlamentdə öldürülən Karen Dəmirçiyan və Vazgen Sərkisyanın, həmçinin Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin mövqeyi sayəsində Dağlıq Qarabağın Ermənistanın Mehri rayonuna dəyişdirilməsini nəzərdə tutan bu plan qəbul edilməyib.
Heydər Əliyev hansı sənədi imzalamaqdan imtina edib?
Söhbət 1999-cu ildə aparılan danışıqlardan və amerikalı politoloq Pol Qobl tərəfindən irəli sürülən "ərazi mübadiləsi" variantından gedir. Ötən şənbə günü İrəvanın mərkəzində 100 minə yaxın adamın iştirak etdiyi mitinqdə çıxışı zamanı Ter-Petrosyan deyib ki, həmin ilin payızında prezident Robert Köçəryan, xarici işlər naziri Vardan Oskanyan və milli təhlükəsizlik naziri Serj Sərkisyan Dağlıq Qarabağla Laçının əvəzində Mehri rayonunun Azərbaycana verilməsini nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazır idi. Eks-prezident mitinqdə bu müqavilə layihəsindən bəzi çıxarışları da oxuyub.
"Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi, Şuşa və Laçın rayonu Ermənistana verilir. Qüvvəyə minən razılaşmaya əsasən Azərbaycan Ermənistanın Mehri rayonunu alır"- deyə sənəd layihəsində göstərilir. Sənəddə deyilir ki, sülh müqaviləsinin qüvvəyə minməsindən sonra 60 gün ərzində Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxmalıdır. Ermənistan isə könüllülük əsasında Mehri rayonundan, Dağlıq Qarabağa bitişik ərazilərdən erməniləri köçürməlidir. "Ermənistana qarşı tələ olan bu plan Karen Dəmirçiyanın və Vazgen Sərkisyanın həyatı bahasına baş tutmadı"- deyə Ter-Petrosyan bildirib. O, əlavə edib ki, xoşbəxtlikdən Heydər Əliyev də erməni tərəfinin artıq razılıq verdiyi sənədi imzalamaqdan imtina edib.
"İran Ermənistan üçün həyat mənbəyidir"
Eks-prezident xatırladıb ki, Qarabağ müharibəsi vaxtı məhz Mehri rayonu Ermənistan üçün "həyat yolu" olub. Onun sözlərinə görə, əgər Mehri olmasaydı, ermənilərin qələbəsi də olmazdı: "Məhz Mehri rayonu sayəsində biz həmin ağır günlərdə yaşaya bildik". Ter-Petrosyan deyib ki, əgər Mehri Azərbaycana verilsəydi, Ermənistan İranla sərhədlərdən məhrum olar və Azərbaycanla Türkiyənin əhatəsində qalardı. "İstənilən an Türkiyə və Azərbaycan erməni xalqını aclığa və məhvə məhkum edə bilərdi"- deyə eks-prezident əlavə edib.
Qeyd edək ki, "ərazi mübadiləsi" planına Dəmirçiyanla Sərkisyan qəti şəkildə qarşı çıxıb. Sonradan bu plan haqda Sərkisyanın qardaşı, keçmiş baş nazir Aram Sərkisyan və keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan danışıblar. Hər dəfə hakimiyyət məlumatların yalan olduğunu bildirib. Bu dəfə də belə olub. Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bildirib ki, Ter-Petrosyanın bəyanatı "ucuz seçkiqabağı tryukdur". Onun sözlərinə görə, Mehrinin Dağlıq Qarabağa dəyişdirilməsi planı danışıqlarda heç vaxt müzakirə edlməyib.
Ter-Petrosyan özünün seçki kampaniyasında Qarabağ məsələsindən tez-tez istifadə edir və məhz onun seçkilərə qoşulması bu kartdan hər iki düşərgədə geniş istifadəyə səbəb olub. Əvvəlcə Ter-Petrosyan Ermənistanın indiki hakimiyyətini 10 il ərzində beynəlxalq vasitəçiləri aldatmaqda və Qarabağ münaqişəsinin həllinə mane olaraq erməni xalqına qarşı cinayətə yol verməkdə ittiham edirdi. Həmçinin eks-prezident hesab edirdi ki, bu münaqişəni həll etmədən Ermənistanın gələcəyi yoxdur. İndi isə o, hakimiyyəti satqınçılıqda ittiham edir. Paralel olaraq hakimiyyət təbliğatı Ter-Petrosyanı satqınçılıq və vaxtilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq vermək ittihamları ilə "vurur". Şəxsən prezident Köçəryan onu "Azərbaycana işləməkdə" ittiham edib. Belə görünür ki, Ermənistan seçkilərində "Qarabağ kartı"ndan hələ çox istifadə olunacaq.
Qarabağ veteranları Ter-Petrosyanı seçdi
Hələlik isə Qarabağ müharibəsi veteranlarının birliyi bu seçkilərdə Ter-Petrosyanı müdafiə etdiyi haqda bəyanat verib. Nüfuzlu "Yerkrapa" könüllülər təşkilatının İrəvan bölməsi elan edib ki, müharibə veteranları seçkilərdə ona səs verəcək. Bundan əvvəl isə "Yerkrapa"nın bir neçə rayon təşkilatı Ter-Petrosyanı dəstəklədikləri haqda bəyanat vermişdi. "Yerkrapa" keçmiş müdafiə naziri Vazgen Sərkisyan tərəfindən yaradılıb, hazırda bu təşkilatın üzvlərindən biri orduda yüksək postlar tutur, o cümlədən müdafiə nazirinin müavini təşkilatın idarə heyətinin rəhbəridir.
Müharibə veteranları ilə yanaşı erməni "vor zakon"ları da bu seçkilərdə kimə səs vermək haqda qərar veriblər. Məlumatlara görə, əksəriyyəti erməni olan onlarla "vor zakon" tanınmış kriminal avtoritet Rafael Bağdasaryanın ölümünün ildönümü mərasiminə qatılmaq üçün İrəvana toplaşıblar.
Eks-prezident Moskvadadır
Ancaq "vor zakon"lar öz yoldaşlarını yad etməklə yanaşı seçkilərdə kriminal aləmin kimə səs verəcəyini də müəyyənləşdirib. Bu qərar hələlik məlum deyil. Ter-Petrosyan özü isə gözlənilmədən Moskvaya yola düşüb. Bu məlumatı Rusiyanın "Regnum" agentliyinə onun başçılıq etdiyi Erməni Ümummilli Hərəkatından veriblər. Bildirilir ki, Ter-Petrosyanı keçmiş xarici işlər naziri, indi onun seçki qərargahının rəhbəri olan Aleksandr Arzumanyan müşayiət edir. Ermənistanın Moskvadakı səfirliyindən isə bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Qeyd edək ki, əksər müşahidəçilər bu seçkilərdə Moskvanın Serj Sərkisyanı müdafiə etdiyini düşünür. Rusiya rəsmiləri bir-birinin ardınca İrəvana səfərlər edərək seçki kampaniyasının qızğın çağında prezident Putinin "salamlarını" Sərkisyana çatdırıblar. Bu dəstəyi hakimiyyət təbliğatı geniş reklam edir. Əksər müşahidəçilər hesab edir ki, Kremldən xeyir dua almayan heç kəs Ermənistanda prezident ola bilməz. Görünür, Ter-Petrosyan bu reallığı nəzərə alaraq Moskvanın onun seçkilərdə mümkün qələbəsinə reaksiyasını öyrənmək istəyir.
F.MƏMMƏDOV
No comments:
Post a Comment