13.2.08

PKK QARABAĞA NİYƏ GƏLİR?

Separatçı kürdlərə ən böyük dəstəyi Ermənistan verir
Bu prosesdə bəzi beynəlxalq fondlar da yaxından iştirak edirlər



"Ermənistan işğal etdiyi Laçın rayonunu erməniləşdirmək məqsədilə bu ərazilərdə yaşı min illərlə ölçülən tarix və mədəniyyət abidələrinin bir çoxunu - qaya təsvirlərini, süjetli daşları, oymaları, dini-memarlıq abidələrini məhv edərək, yer adlarını dəyişdirir". Bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov srağagün APA-ya bildirib.
Cənab İsmayılov ABŞ, Kanada, Fransa və digər ölkələrin maliyyə dəstəyindən istifadə edərək, Laçın şəhərində və xaraba qalmış bir çox kəndlərdə onlarla erməni kilsələrinin inşasına başlanıldığını və tezliklə bu ərazidə müstəqil kürd vilayətinin də yaradılacağını söyləyib.
Əslində bu təzə söhbət deyil. Hələ 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və dünyadakı erməni terror təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan Dağlıq Qarabağa gətirilən kürd könüllülərindən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü. Qarabağ müharibəsində ermənilərin tərəfində döyüşən kürd terrorçularının fəaliyyətindən razı qalan Ermənistan hökuməti yeni kürd döyüşçü dəstələrinin Dağlıq Qarabağa cəlb edilməsinə başladı. ABŞ-ın İraqı işğal etməsindən sonra isə bu iş daha da sürətləndi.
Amma bu da faktdır ki, hələ 1988-ci ildə Ermənistandan Azərbaycan türkləri ilə bərabər yüzlərlə kürd ailəsi də qovulub. Bununla yanaşı erməni işğalı nəticəsində Laçın sakini olan 4,5 min kürd də yurd-yuvasından didərgin düşüb, əmlakı dağıdılıb, onların arasından yüzlərlə qoca, uşaq və qadın güllələnərək qətlə yetirilib, əsir götürülüb.
Son zamanlar isə Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdikləri əməliyyatlar nəticəsində çətin vəziyyətə düşən PKK-çılar çıxış yolunu bölgəni tərk etməkdə görür. Bu fikri bir qədər əvvəl Türkiyənin "Axşam" qəzetində dərc olunan yazı da təsdiq edir. Qəzetin yazdığına görə, Türkiyənin terrorçulara sarsıdıcı zərbələr endirməsi PKK-nı Şimali İraqı tərk edərək, işğal altında olan Azərbaycan ərazilərinə köç etmək barədə planlar hazırlamağa məcbur edib.
Türkiyənin Şimali İraqda yuva salan terrorçulara qarşı hərbi əməliyyatları PKK-nı Dağlıq Qarabağda sığınacaq tapmaq üçün Ermənistan rəhbərliyi ilə danışıqlar aparmağa vadar edib.
Bəs PKK-çıların işğal altında olan ərazilərimizə köç etməsi Azərbaycan üçün hansı təhlükələr doğura bilər? Bununla bağlı bir qədər əvvəl mətbuata açıqlama verən politoloq Eldar Namazov bildirib ki, PKK-çıların Şimali İraqdan işğal altında olan əraziliərimizə köçürülməsi Azərbaycanı yeni terror təhlükələri ilə üz-üzə qoyacaq. Ona görə də Azərbaycan bununla bağlı təcili olaraq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalı, eyni zamanda PKK-ya qarşı mübarizə üçün Türkiyədən yardım istəməlidir.
Milli Məclisin Analitik İnformasiya Şöbəsinin baş məsləhətçisi, politoloq İlham Həsənov da öz açıqlamasında bildirmişdi ki, PKK-nın Dağlıq Qarabağda yerləşdirilməsi bölgədə yeni terror dalğasına gətirib çıxararaq, Cənubi Qafqazı barıt anbarına çevirəcək. Bunun qarşısını isə yalnız Azərbacanla Türkiyənin birgə hərəkət etməsi ala bilər. Bu təhlükəyə qarşı indidən hazırlaşmaq lazımdır.
PKK terror təşkilatının Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatlar Azərbaycan və Türkiyə hökumətlərini hərəkətə gətirməlidir.
Bu barədə "OLAYLAR"a məlumat verən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, bu məlumatdan əvvəl də Laçın rayonu ərazisində kürd dövlətinin yaradılması ilə bağlı müəyyən informasiyalar yayılıb: "PKK-nın Dağlıq Qarabağda olan nəzarətsiz ərazilərə köçürülməsi ilə bağlı məlumat məntiqə və reallığa uyğundur. Onlar ərazidə yaşamaq üçün deyil, müəyyən təlimlər keçmək, öz sıralarına insanlar cəlb etmək məqsədilə müvəqqəti olaraq yerləşə bilər". Bu prosesin qarşısının alınması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiqlərinin artırılmasının vacibliyini vurğulayan Ə.Əliyev "təəssüflər olsun ki, belə təşkilatlar heç Dağlıq Qarabağ ərazisindən narkotranzit kimi istifadə olunanda belə reaksiya verməyiblər".
Bəs PKK niyə ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarına keçmək istəyir? Bunun bir neçə səbəbi var.
Birincisi, Ermənistan PKK-ya ən çox dəstək verən ölkələrdən biridir. Türkiyə kəşfiyyatı bir qədər öncə məlumat vermişdi ki, Ermənistandan PKK-ya gizli yollarla silah satılır. Həmin silahları Ermənistan Rusiyadan alır. Ermənistanın PKK-nı dəstəkləyən dövlət kimi adını isə Qərbdə çəkən yoxdur.
İkincisi, PKK erməni terrorçularına Dağlıq Qarağağı işğal edəndə aktiv surətdə yardımlar edib. Məqsəd sonradan Azərbaycan torpaqlarını bölməkdir. Hətta Göyçə gölü (ermənilər ona "Sevan" deyir-müəll.) ətrafında Öcalanla Koçaryan görüşmüşdülər. Onda tərəflər ortaq hərəkət etməklə yanaşı, Azərbaycanın kürd kökənli vətəndaşlarına qarşı ermənilərin daha loyal hərəkət etmələri istənmişdi. PKK ilə erməni terrorunun əlaqələri Dağlıq Qarabağda daha konkret ifadəsini tapdı.
Üçüncüsü, Dağlıq Qarabağda PKK-nın təlim düşərgələri var. Həmin düşərgələr neçə ildir ki, fəaliyyət göstərirlər. PKK-çılar orada uzun müddət qala bilərlər. Görünür, ermənilər yeni düşərgələr tikmək üçün PKK-ya vəd verib.
Dördüncüsü, PKK-nın içərisində çoxlu sayda rus, erməni, fransız, ingilis, bolqar və başqa xalqların nümayəndələrinin olduğu faktı təsdiqlənib. Onların Dağlıq Qarabağda erməni həmkarlarının yanına sığınması təbii bir prosesdir.
Beşincisi, PKK-nı yönləndirən güclər hesab edir ki, Türkiyə Ermənistana müdaxilə edə bilməz. Çünki Ermənistan həm Qərbin, həm də Rusiyanın himayəsi altındadır. Ermənistanda və onun işğal etdiyi Azərbaycan ərazisində PKK terrorçuları özlərini təhlükəsiz hiss edəcəklərinə inanırlar.
Səbuhi MƏMMƏDLİ

Yeni Musavat, 06.02.2008 [09:40], http://www.musavat.com/site/shownews.php?news_id=30400

No comments:

Post a Comment