XİN buna ehtiyac görmür, DİN, MTN və Müdafiə Nazirliyindən isə cavab almaq mümkün olmadı
Milli Məclisin bu gün keçiriləcək iclasında hökumətin hesabatı dinləniləcək. Qeyd edək ki, hesabat ərəfəsində bəzi deputatlar xarici işlər naziri Elmar Məmmədyarovun, daxili işlər naziri Ramil Usubovun, müdafiə naziri Səfər Əbiyevin və baş prokuror Zakir Qaralovun da bu müzakirələrə qatılıb, hesabat verməsini tələb ediblər. Təklif müəllifləri hesab edir ki, adıçəkilən nazirliklərin rəhbərlərinin parlament qarşısında hesabat vermələri günün tələbləri ilə bağlıdır. Həmin deputatların fikirincə, ortada bir sıra suallar var ki, adıçəkilən qurumların rəhbərləri buna cavab verməlidir.
Bəs görəsən, həmin nazirliklərdə və respublika prokurorluğunda bu təklifə münasibət necədir?
İlk telefon açdığımız şəxs Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim oldu. Nazir Elmar Məmmədyarovun hazırda Seneqalda səfərdə olduğunu deyən X.İbrahim bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı yaranmış vəziyyət hər zaman ictimaiyyətə açıqlanır: «Ona görə də buna ehtiyac yoxdur. Çünki hər hansı bir yenilik olursa, bu barədə açıqlama verilir».
Növbəti telefon açdığımız digər şəxs baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev oldu. Maraqlıdır ki, Vuqar müəllim sualımızı dinlədikdən sonra telefonun dəstəyini asdı.
Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə bildirdi ki, bu sualı ona ünvanlanması düzgün deyil: «Mən elə bir səlahiyyət sahibi deyiləm ki, buna cavab verəm. Mənim buna ixtiyarım da yoxdur».
Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin mətbuat xidmətlərindən isə zənglərimizə cavab verən tapılmadı.
Bizim Yol, 14.03.2008
No comments:
Post a Comment