Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçiləcək QHT-lər layihələrinin icrası zamanı qanun pozuntularına, Əsasnaməyə zidd işlərə yol verərlərsə, növbəti müddət üçün qrant layihəsi almaqdan məhrum olacaqlar. Bu barədə "Trend"ə açıqlamasında Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib. O deyib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası üçüncü sektorla bağlı dövlət siyasətinin hazırlanıb həyata keçirilməsi sahəsində əsas orqan olacaq: "Bu Şura dövlətlə QHT-lər arasında tərəfdaşlığın, əməkdaşlığın qurulmasında zəncir rolunu oynayacaq. Bu qurum QHT-lərlə bağlı qanunvericilik bazasının təkmilləşməsinə öz töhfəsini verəcək, əməkdaşlığın qurulması üçün tədbirlər görəcək, QHT-lərə konsultativ, maliyyə, texniki, təşkilati yardımlar göstərən orqan olacaq".
Prezident Aparatı rəsmisinin sözlərinə görə, dövlət əsasən aktual problemlərin həllinə yardım göstərəcək layihələrə maliyyə dəstəyi verəcək. Bunlar Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarının beynəlxalq aləmdə təbliğ olunması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, əlillərin və şəhid ailələrinin problemləri, ailə, uşaq, qadın və gənclər, həmçinin səhiyyə, ekologiya sahələri ilə bağlı layihələr olmalıdır:
"Çünki bu sahələr adətən beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilmir, onların öz spesifik sahələri var. Dövlət istəyir ki, QHT-lərin potensialından yararlanaraq, özünün birbaşa görə bilmədiyi işləri QHT-lərin üzərinə qoysun, onların vasitəsilə həyata keçirsin".
Prezident Aparatı rəsmisi əlavə edib ki, təqdim olunan bütün layihələr öyrəniləcək, müsabiqə yolu ilə qiymətləndiriləcək. Seçilmiş layihələrin icrası ilə bağlı onu həyata keçirən QHT-lər ictimaiyyətə və dövlət orqanlarına hesabat verəcəklər. Maliyyə vəsaitinin xərclənməsinə Maliyyə Nazirliyi də nəzarət edəcək: "Şuranın səlahiyyəti var ki, pozuntulara yol vermiş QHT-ləri növbəti müddət üçün qrant almaqdan məhrum etsin. Əgər cinayətə yol verilərsə, həmin QHT Şuradan kənarlaşdırıla və cəzalandırıla bilər. Cinayət hallarından başqa, üzvlərinin özünün imtina etməsi, yaxud xəstə olması səbəbindən də Şura üzvlüyündən kənarlaşdırılması mümkündür".
525-ci qəzet, 13 Mart 2008-cı il N 46(2637)
http://www.525.az/new/2008/03/13/read=26896
No comments:
Post a Comment