5.3.08

QARABAĞDA DÖYÜŞLƏR BAŞLADI

Cəbhə xətti yenə qana boyandı
Azərbaycan Müdafiə Nazirliyindən ən son məlumat: düşmənin 12 əsgəri öldürülüb, 15-i ağır yaralanıb




Dünən Qarabağ cəbhəsində şiddətli döyüşlər başlayıb. Əvvəlcə Azərbaycan tərəfi məlumat yayıb ki, səhərdən başlayaraq Ermənistan ordusu Tərtərin işğal altında olan Çiləbirt kəndindən mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub. APA-nın məlumatına görə, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri - Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Nemət Qusayev və Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Yusif Qasımov şəhid olublar.

Təsdiqlənməmiş məlumatlara görə, şəhid olanların və xəsarət alanların sayı daha çoxdur. Qarşı tərəfin də xeyli sayda itki verdiyi bildirilir. Ermənistan ordusu eyni vaxtda Tərtərin işğal altında olan Talış kəndi istiqamətində də atəşkəsi pozub. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində iki kənd sakini - Əliyev Rəhman Süleyman oğlu və Heydərov Mirələm Knyaz oğlu güllə yarası alıb. Qolundan yaralanan R.Əliyev rayon xəstəxanasına yerləşdirilib, M. Heydərova isə tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətin rəisi Eldar Sabiroğlu bildirib ki, hazırda atışma davam edir.

Oskanyan təcili brifinq keçirib: "Azərbaycan tərəfi erməni ordusunun mövqelərini tutub"

İrəvanda isə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan cəbhə xəttində baş verənlərlə bağlı təcili mətbuat konfransı keçirib. Oskanyan bildirib ki, Azərbaycan tərəfi cəbhə xəttinin Mardakert rayonu (indiki Ağdərə - red.) istiqamətində hücuma keçərək erməni ordusunun mövqelərini tutmağa cəhd göstərib. "Az əvvəl Mardakertin şimal-şərq hissəsində Azərbaycan tərəfdən erməni qüvvələrinin mövqelərinə doğru kifayət qədər ciddi xarakter daşıyan həmlə edilib. Bu hərəkətlər atəşkəs rejiminin pozulması hallarından fərqlənir, qarşı tərəf ağır hərbi texnikadan və silahlardan istifadə edib" - deyə, Oskanyan bildirib. Erməni nazir deyib ki, hazırda döyüşlər davam edir. O, erməni ordusunun əsgərləri arasında yaralananların olduğunu təsdiqləyib. Oskanyan erməni ordusu bölmələrinin əvvəlcə mövqelərini itirdiyini deyib. "Lakin sonradan əsk-həmlə edərək həmin mövqeləri qaytara bilib. Görünür rəsmi Bakı elə hesab edir ki, bizim diqqətimiz daxili situasiyaya yönəlib və bu məqamda onlar öz mövqelərini qabağa çəkməklə hansısa psixoloji üstünlüklər əldə etməyə çalışıb. Lakin bu cəhd baş tutmayıb".
Oskanyan deyib ki, cəbh xəttində yaranmış vəziyyətlə bağlı Minsk Qrupunun həmsədrlərinə, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə məlumat verilib. Erməni nazirin sözlərinə görə, Kasprşik amerikalı həmsədr Metyu Brayza ilə birlikdə Bakıdadır və Azərbaycan tərəfi ilə atəşkəs rejiminin bərpasına dair ciddi danışıqlar aparır. "Bir az əvvələdək danışıqlar onunla məhdudlaşırdı ki, Azərbaycan tərəfi atəşkəs rejiminə qayıtmağa razıdır, ancaq əldə etdiyi mövqeləri təhvil vermək istəmir. Lakin bu məsələ erməni tərəfinin öz mövqelərini qaytarmasından sonra həllini tapdı. İndi hesab edirəm ki, atəşkəs rejiminə qayıtmaq daha asan olacaq".

Azərbaycan tərəfi Oskanyanın iddialarını rədd edir

Lakin Azərbaycan tərəfi Oskanyanın bu açıqlamalarını rədd edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu "Azadlıq" radiosuna açıqlamasında deyib ki, Vardan Oskanyanı dünya ictimaiyyətini aldatmağa çalışır. O, bir daha bildirib ki, atəşkəsi səhər saatlarında erməni tərəfi pozub. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə "Azadlıq" radiosuna bildirib ki, Ermənistan Azərbaycanı təxribata çəkir: "Onlar atəş açmaqla bizi cavab verməyə məcbur ediblər. Ermənistan öz daxili vəziyyətindən ictimai diqqəti yayındırmaq üçün belə təxribata əl atır. Bu, həm də danışıqlar prosesinə təsir göstərir".
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general -leytenant Nəcməddin Sadıqov ANS-ə bildirib ki, Ermənistan atəşkəs rejimini pozaraq ölkədə yaranmış daxili gərginlikdən diqqəti yayındırmaq məqsədilə Azərbaycan Ordusunu hərbi hərəkətlərə təhrik etməyə cəhd göstərib. "Azərbaycan Ordusu layiqli cavab verir və biz öz dövlətimizin müstəqilliyini qorumağa tam qadirik" - deyə, N.Sadıqov qeyd edib.
"Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır və respublikada yaranmış daxili-siyasi gərginlikdən həm erməni xalqının, həm də beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi güdür". Bu sözləri isə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS-ə açıqlamasında deyib. Ə.Həsənov deyib ki, Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini etibarlı surətdə qoruyur, heç bir təxribata uymur və düşmənin istənilən hücumunu dəf etməyə hazırdır. "Trend" agentliyinin verdiyi məlumatda isə deyilir ki, Ermənistan atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimizin sayı üçə çatıb. Şəhid olan üçüncü əsgərin adı Mövlud Həbib oğlu Quliyevdir.

Araz Əzimov: "Ermənilərin təhrikedici hərəkətləri dayanmasa, daha sərt cavablar verilə bilər"

Xarici işlər nazirinin müavini Araz Əzimov da cəbhə bölgəsindəki vəziyyətdən danışıb. Onun dediyinə görə, Ermənistan öz daxilində çətinliklərlə rastlaşandaÿ fikri yayındırmaq üçün belə təxribatlara əl atır və Azərbaycan tərəfini cavab addımı atmaq məcburiyyətində qoyur. "Azərbaycanın əraziləri işğal altındadır və bu ərazilər işğal altında olduğu müddətədək Azərbaycan Silahlı Qüvvələrinin istənilən addımı qanuni xarakter daşıyır. Ermənistan isə Azərbaycan torpaqlarını işğal altında saxladıqca onun hər birÿ hərəkəti qeyri-qanunidir." Xarici işlər nazirinin müavini eyni zamanda ANS-ə bildirib ki, onda olan məlumata əsasən, atəş Ermənistan tərəfdən açılıb və ermənilər Azərbaycan Ordusunun əsgərlərini cavab verməyəÿ təhrik ediblər: "Ermənistanın hərəkətlərinə Azərbaycanÿ mümkün qədər müvafiq cavablar verir. Biz istəməzdik ki,ÿ Ermənistan bundan sonra da bu təhrikləri davam etdirsin. Əks təqdirdə, Azərbaycan məcbur olacaqÿ ki, daha qətiyyətli cavab versin."ÿ

Əli öz xalqının qanına batmış Köçəryan-Sərkisyan rejiminə bu təxribat niyə lazım ola bilərdi?

Qeyd edək ki, cəbhə bölgəsində döyüşlər dövlət başçısı İlham Əliyevin qərb bölgəsində səfərdə olduğu bir vaxtda başlayıb. Səfər zamanı o, Qarabağ məsələsindən danışaraq bildirib ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə hazırdır. Günün ikinci yarısında dövlət başçısı səfərini başa çatdıraraq Bakıya dönüb. Həmin saatlarda ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza Bakıda idi və bir qədər əvvəl xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparmışdı. Brayza əslində Ermənistanda yaranmış vəziyyətlə bağlı İrəvana ezam olunmuşdu. Lakin o, martın 3-dən 4-nə keçən gecə gözlənilmədən Bakıya gəlib. Əvvəlcə bildirilirdi ki, diplomat Transxəzər qaz kəməri layihəsi ilə bağlı yaranmış problemləri müzakirə edəcək. Lakin erməni tərəfinin iddialarından belə görünür ki, amerikalı diplomata həm də cəbhə xəttində baş verənlərlə bağlı Bakıda təcili danışıqlar aparmaq tapşırılıb. Rəsmi Bakı isə bunu təkzib edir. XİN sözçüsü Xəzər İbrahim deyib ki, Brayza Bakıda atəşkəsin bərpası ilə bağlı heç bir danışıqlar aparmayıb: "Bu erməni tərəfinin növbət yalanıdır" - deyə, o bildirib. Cəbhə xəttində nə baş verdiyi haqda təfərrüatlı məlumatlar olmasa da, əsas ehtimal budur ki, Ermənistanda əli öz xalqının qanına batmış rejim üzləşdiyi vəziyyətdən çıxmaq üçün təxribatlara əl atıb. Məqsəd isə erməni xalqını Qarabağda yeni müharibə təhlükəsi ilə qorxudaraq hakimiyyətin ətrafında cəmləmək, həmçinin müxalifəti siyasi mübarizəni dayandırmağa məcbur etməkdir.
Ermənistan mənbələri gecə saatlarında cəbhə bölgəsində atəşin dayandırıldığını xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryanın dediyinə görə, Azərbaycan ordusu ön mövqelərdən birini ələ keçirib, sonradan isə cavab atəşi nəticəsində öz mövqelərinə çəkiliblər. Mətbuat katibi qeyd edib ki, səhər saat 8-dən atışma intensiv olub, saat 15-də isə ermənilər əvvəlki mövqelərini bərpa ediblər.
Mətbuat katibi Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri Baş Qərargah rəislərinin (Seyran Ohanyan və Nəcməddin Sadıqov - red.) vəziyyətlə bağlı fikir mübadiləsi apardığını da deyib.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik də cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib. Diplomat APA-ya açıqlamasında vəziyyəti diqqətlə izlədiklərini deyib: "Biz regionda savaş istəmirik, hər iki tərəfi ehtiyatlı olmağa çağırırıq və atəşkəs rejiminin bərpa olunmasını istəyirik".
Günün sonunda məlum oldu ki, döyüşdə həlak olan Azərbaycan əsgərlərinin sayı dörd nəfərdir. Həlak olan dördüncü əsgərimizin adı və soyadı Bəhruz İsmayılovdur.
ƏN SONDA. Xatırlayırsınızsa, bir neçə gün öncə mötəbər qaynaqlara dayanaraq, xəbər yaymışdıq ki, Dağlıq Qarabağa PKK-çıların yerləşməsi səbəbi ilə işğal altındakı torpaqlarda Türkiyənin də dəstəyi ilə, hərbi əməliyyatlar başlaya bilər. Azərbaycan və Türkiyə üçün bundan yaxşı bəhanə ola bilməzdi. Həm də o məlumatı vermişdik ki, ABŞ-ın da gizli razılığı ilə hər iki ölkənin hərbçilərindən ibarət ortaq komanda mərkəzi qurulub; kəşfiyyat bölümləri ərazini yoxlayıblar... Sağlam bir qaynağa dayanaraq, "yaxın günlərdə Dağlıq Qarabağda geniş hərbi əməliyyatlar başlasa, təəccüblənməyin..." mesajını da vermişdik.
İddia etmirik ki, məhz indi həmin proses başlayıb. Sadəcə, erməni tərəfinin təfsilatlı həşiri diqqətimizi cəlb etdi. Doğrusu, məğlub tərəf olmaqdan o qədər bezmişik ki, adam istəyir ki, gerçəkdən də, lap elə ermənilərin dediyi kimi, Azərbaycan ordusu hücuma keçəydi...
Və bu, bir məşq olaydı...


Yeni Musavat, 05.03.2008 [10:59]
http://www.musavat.com/site/shownews.php?news_id=31709

No comments:

Post a Comment