4.3.08

QƏRB SƏRKİSYANA QARABAĞA GÖRƏ LEGİTİMLİK VERİR

Eyni ssenari Azərbaycanda da təkrarlanacaq

Qərb Ermənistanda çoxsaylı ciddi pozuntularla müşayiət olunan prezident seçkilərinin nəticələrini qısa müddət ərzində tanıdı. ATƏT-in müşahidə missiyası müxalifət nümayəndələrinin çoxsaylı saxtakarlıq faktları haqda məlumatlarına məhəl qoymayaraq bu seçkiləri "irəliyə doğru böyük addım" adlandırdı, ardınca Qərb dövlətləri və strukturları seçkilərin nəticələrini tanıyaraq Serj Sərkisyanı təbrik etməyə başladlar.
Seçkilərin nəticəsini ilk tanıyan və Sərkisyanı təbrik edən Qərb lideri Fransa prezidenti Nikola Sarkozi oldu. Fransa onsuz da xarici siyasətində demokratiya prinsiplərinə yer verməyən ölkə kimi tanınır, baxmayaraq ki, bu ölkə demokratiya və azadlıq dəyərləri üzərində qurulmuş Avropa Birliyinin liderlərindən biridir. İndiki halda Sarkozinin tələsik, hətta Rusiya prezidenti Vladimir Putindən də əvvəl Sərkisyana təbrik göndərməsinin başqa səbəbləri də var. Fransa ənənəvi olaraq ermənipərsət siyasəti ilə tanınır, üstəlik bu ölkənin hakim partiyasına erməni rəhbərlik edir. Sarkozinin hökumətində isə erməni mənşəli nazirlər var.
Əslində Sarkozinin təbriki ilə Avropa Birliyinin Ermənistandakı seçkiləri tanıması məsələsi təmin edilmişdi. Çox keçmədi ki, AB də Ermənistan xalqını "beynəlxalq standartlara cavab verən" seçki münasibətilə təbrik edib Sərkisyanın legitimliyini tanıdı. Eləcə də, Avropa Parlamenti, ATƏT Parlament Assambleyası və başqa Avropa qurumları, habelə NATO bu addımı atdı. Ermənistandakı seçkilərin nəticələrini tanımaqda yalnız ABŞ müəyyən tərəddüd edirdi. Dövlət Departamenti əvvəlcə bildirdi ki, ATƏT-in seçkilərin irəliyə doğru böyük addım olması haqda ilkin rəyinə baxmayaraq, ciddi pozuntuların qeydə alındığı haqda məlumatlar narahatlıq yaradır. ABŞ seçkilərlə bağlı ilk bəyanatında Ermənistan hakimiyyətindən bu pozuntuları diqqətlə araşdırmağı da istəyirdi.
Lakin dünən ABŞ da yekun mövqeyini ortaya qoyub. Dövlət Departamenti çox güman ki, Ağ Evdən verilən göstəriş əsasında Ermənistandakı seçkilərlə bağlı ikinci bəyanatını yayaraq Ermənistan xalqını "azad rəqabət şəraitində" keçirilən seçkilərlə bağlı təbrik edib. Bununla da Vaşinqton Sərkisyanın qələbəsini tanımış olub. Doğrudur, prezident Buş onu hələlik təbrik etməyib, ancaq çox güman ki, Ağ Evdən Sərkisyana təbrik göndərilməsi seçkilərin rəsmi nəticələrinin elan edilməsindən sonra baş verəcək. İndilik isə ABŞ administrasiyası "sifətini saxlamaq" ənənəsinə sadiq qalaraq Sarkozi kimi Sərkisyanı tələsik təbrik etmir.
Beləliklə, Serj Sərkisyan Ermənistanda Levon Ter-Petrosyandan sonra beynəlxalq legitimlik əldə etmiş ikinci prezident ola bilib. Belə ki, indiyədək yalnız Ter-Petrosyanın ilk dəfə hakimiyyət başına gəldiyi prezident seçkiləri azad və ədaləti hesab olunurdu. Robert Köçəryanın seçkiləri isə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb, yəni nəticələr beynəlxalq standartlardan uzaq hesab edilib. Bəs nədən Qərb dövlətləri və təşkilatları Sərkisyana bu legitimliyi qazandırdılar? Axı seçkilər ciddi pozuntularla keçib və Ermənistanda bundan əvvəlki seçkilərdən yaxşı mənada fərqlənməyib, üstəlik məlumatlar var ki, daha pis olub.
Belə görünür ki, Qərbin Sərkisyana legitimlik qazandırmasının arxasında bir məqsəd dayanır: Dağlıq Qarabağ münaqişəsinə dair tezliklə Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq. Qərbdə başa düşürdülər ki, seçkilərin nəticələri tanınmasa belə, bu, Ermənistanda nəyisə dəyişdirməzdi. Çünki Ermənistan siyasəti Rusiyanın möhkəm nəzarətindədir və Moskva öz adamını bu ölkədə prezident etməkdə çətinlik çəkməyəcək. Belə situasiyada Sərkisyanın legitmliyini tanımaqla Qərb öz maraqlarını təmin etməyə çalışır. İstəyir ki, onun əliylə Qarabağa dair sülh razılaşmasını əldə edərək Qafqaz regionunda mövqelərini möhkəmlətsin. İndiyədək Qərb Ermənistan və Azərbaycan prezidentlərini dəfələrlə çağırmışdı ki, onlar öz xalqlarını kompromislərə hazırlasınlar. Ancaq bu çağırış reallaşmırdı. Sual yaranırdı ki, bir halda ki, Ermənistan və Azərbaycanı idarə edənlər, beynəlxalq müşahidəçilərin dediyi kimi, hakimiyyətə şübhəli seçkilərlə gəliblər, o zaman onların xalqları kompromislərə hazırlaması nə dərəcədə mümkün olardı? Lakin indi bu cür suallar qoymaq çətin olacaq. Çünki Sərkisyanı beynəlxalq ictimaiyyət də legitim sayır, onun qarşısında sülh razılaşmasını imzalamamaq üçün ciddi səbəb qalmır. Xüsusən də indiki danışıqlarda müzakirə edilən variant onu qane edir və Sərkisyan bunu seçkilərdən əvvəl bildirib. İndi isə o, danışıqları davam etdirib yekunlaşdırmaq üçün Qərbdən ciddi siyasi dəstək alıb.
Qalır Azərbaycan və onun xalqı. Çox güman ki, Qərb builki prezident seçkilərində Azərbaycanda da eyni ssenarini tətbiq edəcək. Hakimiyyətin namizədinin mümkün qələbəsi eynilə Ermənistanda olduğu kimi, tələsik tanınacaq və bəyan ediləcək ki, nəhayət, bu ölkə də beynəlxalq standartlara cavab verən seçki keçirə bildi. Şübhə yoxdur ki, ATƏT ABŞ tərəfindən yönləndirilən qurumdur, bu təşkilatın müşahidə missiyasına seçkilərin necə keçdiyi haqda əvvəlcədən rəy yazıb vermək çətin deyil. Əgər Azərbaycanda da hakimiyyətin namizədinin mümkün qələbəsi tanınarsa, o zaman Bakının Qərbin qarşısında xalqı sülhə hazırlamaq üçün ciddi bəhanəsi qalmayacaq. Narazı qalanlara isə deyilə bilər ki, demokratik yolla seçilmiş dövlət başçısı xalqın adından bu sazişi imzalamaq hüququna malikdir.
Lakin burada bir məsələ qalır: Qərb o halda seçki pozuntularına göz yumub nəticələrə legitimlik qazandıracaq ki, hakimiyyətin namizədi, yəni hazırda ölkəyə rəhbərlik edən İlham Əliyev YAP-çıların istədiyi kimi 85 faiz yox, 50 faizdən bir az çox səs alsın. Müxalifətin əsas namizədlərinin seçkilərdə iştirakı üçün heç olmasa minimal şərtlər təmin olunsun, seçki kampaniyası dövründə onların tərəfdarları kütləvi şəkildə həbs edilməsin, bütün bunlardan əvvəl isə həbsdəki jurnalistlər, siyasi məhbuslar buraxılsın. Əks halda Qərb üçün şübhəli nəticələrə legitimlik qazandırmaq xeyli pis olardı.
Siyasət şöbəsi
Yeni Müsavat, 25.02.2008 [10:50]
http://www.musavat.com/site/shownews.php?news_id=31298

No comments:

Post a Comment