"Aqo" qrupunun Azərbaycan və Ermənistana səfəri 31 mart-4 aprel tarixində gerçəkləşəcək. Bu barədə APA-ya Avropa Şurası Nazirlər Komitəsinin katib müavini Kristof Puarel məlumat verib. Onun sözlərinə görə, qrup üzvləri 31 mart-1 apreldə Ermənistanda, 3-4 apreldə isə Azərbaycanda səfərdə olacaqlar. Kristof Puarel hazırda hər iki ölkəyə gerçəkləşəcək səfər proqramının üzərində iş getdiyini deyib: "Hazırda hər iki ölkə rəsmilərindən səfər proqramı ilə bağlı cavab gözləyirik. Hər iki ölkədə iki gün qalacağıq. Səfər zamanı həm hökumət rəsmiləri, həm də digər siyasi qüvvələr və QHT rəhbərləri ilə görüşmək niyyətimiz var. "Aqo" qrupunun əsas istəyi Azərbaycan prezidenti ilə görüşməkdir. Həmçinin ədliyyə naziri ilə də görüşmək istəyirik. Çünki məhkəmə sisteminin müstəqil olması "Aqo" qrupunun həmişə diqqət mərkəzində olub. Həmçinin xarici işlər naziri ilə də görüşmək niyyətindəyik".
Kristof Puarel Azərbaycanda QHT-lərin sayının çox olduğunu, bu səbəbdən mülki cəmiyyət institutları rəhbərlərinin hamısı ilə görüş keçirə bilməyəcəklərini deyib: "Hazırda görüş keçirəcəyimiz qeyri-hökumət təşkilatlarının siyahısını hazırlayırıq. Qrupun əsas diqqət mərkəzində isə sözsüz ki, prezident seçkilərinə hazırlıq məsələsi olacaq. Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərə dair danışıqların vəziyyətini də müzakirə etmək niyyətindəyik. Seçki Məcəlləsinə dəyişikliklər edildikdən sonra bunun praktiki cəhətdən həyata keçirilməsi lazım gələcək və qrup təbii ki, bu prosesi yaxından izləyəcək. "Aqo" qrupu mükəmməl seçki sisteminin tətbiqi üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin prezident seçkilərindən öncə qəbul ediləcəyinə ümidvardır".
Kristof Puarel səfər zamanı siyasi məhbus problemini də diqqət mərkəzində saxlayacaqlarını bildirib: "Qrup bu məsələ ilə məşğul olan işçi qrupun fəaliyyətini diqqətlə izləyir. Bizi maraqlandıran əsas məsələ işçi qrupun öz fəaliyyətində irəliləyişlərə nail olub-olmamasıdır. Həmçinin media sahəsində durumu da yaxından öyrənmək niyyətindəyik. Məsələn, "Aqo" qrupunun fikrincə, Azərbaycanda media sahəsində də qanunvericilik baxımından irəliləyişlərə nail olmaq lazımdır. Avropa Şurası bu məsələdə jurnalistikanın formalaşmasına dair layihələri dəstəkləyir, amma bu, diffamasiya haqqında maddənin diqqətdən kənarda qalması anlamına gəlməməlidir. Bu iş paralel aparılmalıdır. "Aqo" qrupu Avropa Şurası Parlament Assambleyası, İnsan Haqları üzrə Komissarlıq və digər institutlar kimi hesab edir ki, böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan maddə Azərbaycanın Cinayət Məcəlləsindən çıxarılmalıdır. Bundan başqa, ötən il Avropa Şurasının ekspertləri televiziya və radioların fəaliyyətini tənzimləyən qanunun ekspertizasını aparmışdı. Bu səfər zamanı da radio-televiziya sahəsindəki qanunvericilik məsələsi yenidən müzakirə mövzusu olacaq. Yəni "Aqo" qrupu Azərbaycan hökumətinin Avropa Şurası ekspertləri tərəfindən verilən tövsiyələr əsasında radio və televiziya fəaliyyətini tənzimləyən qanunu dəyişdirmək niyyətində olub-olmaması ilə maraqlanır".
Kristof Puarel "Aqo" qrupunun səfərin yekunlarına dair qiymətləndirmə məruzəsi hazırlayaraq Avropa Şurası Nazirlər Kabineti qarşısında hesabat veriləcəyini bildirib. Onun sözlərinə görə, qrup vəziyyətdən asılı olaraq AŞ Nazirlər Komitəsinə hesabatla bağlı müəyyən qərarların qəbulunu təklif edə bilər. AŞ təmsilçisi "Aqo" qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini də gündəmdə saxladığını deyib.
"Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunda təmsil olunan üç həmsədrdən ikisi, yəni Rusiya və Fransa həm də "Aqo" qrupunun üzvləridir. Bu baxımdan qrup Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini diqqət mərkəzində saxlayır. Hazırda münaqişənin nizamlanmasına dair danışıqlar prosesi davam edir və siyasi dialoqun mövcud mərhələsi, münaqişələrin həlli perspektivləri İrəvan və Bakıda keçiriləcək danışıqların əsas müzakirə mövzusu olacaq. Hər iki ölkədə seçki ilidir. Danışıqlar masası üzərində olan həll variantı barədə razılaşma əldə olunduqda elə etmək lazımdır ki, hər iki ölkənin əhalisi bu sənədi dəstəkləsin. "Aqo" qrupu münaqişənin yaxın gələcəkdə həllinə ümid edir. Biz bilmək istəyirik ki, bu istiqamətdə hər iki ölkənin konkret hansı proqramları var və bu proqramları necə həyata keçirmək istəyirlər. Bilirik ki, hər iki tərəf münaqişənin nizamlanması üçün ciddi kompromislərə hazır olmalıdır. Biz həmçinin hər iki ölkəni hərbi vasitələrə yol atmaq bəyanatlarından imtina etməyə çağırırıq. Bu kimi bəyanatlar münaqişənin həlli istiqamətində münbit şərait yaratmağa imkan vermir".
525-ci qəzet, 15 Fevral 2008-cı il N 28(2619)
http://www.525.az/new/2008/02/15/read=25699
No comments:
Post a Comment