Fuad Mustafayev: «ATƏT prinsiplərinə sadiq qalaraq Rusiyadakı seçkini izləməkdən imtina edirsə, Azərbaycandakı seçkiyə də eyni münasibəti bəsləməlidir» Rusiyanın ATƏT qarşısında irəli sürdüyü şərtlər Varşavanı qane etmədiyindən qurumun müşahidə missiyası bu ölkədəki seçkini izləməkdən imtina etdi. Ümumiyyətlə, Rusiyadakı hazırkı anti-demokratik situasiya, insan haqları ilə bağlı vəziyyət təkcə ATƏT-i yox, başqa beynəlxalq təşkilatları da ciddi narahat edir. Elə Rusiyadakı seçkiyə bu cür münasibət və ATƏT-in bu ölkəyə müşahidə missiyasını göndərməməsi də bir sıra suallar doğurmaya bilməz. Belə ki, Azərbaycanda qarşıdan gələn seçkinin əvvəlcədən saxtalaşdırılacağı məlum olsa da, ATƏT və başqa nüfuzlu beynəlxalq təşkilatlar müxalifətin seçkidə iştirakının vacib olduğunu vurğulayır. Bu zaman ölkədə azad və ədalətli seçkinin keçirilməsi imkanı, demokratik atmosfer kimi amillər nəzərə alınmır. Rusiya ilə Azərbaycanda keçirilən seçkilərin nə mahiyyət, nə də forma fərqinin olduğunu deyən AXCP sədrinin müavini Fuad Mustafayev bildirdi ki, hər iki seçki hakimiyyətin tam nəzarəti altında keçirilir: "Hər iki seçkidə hakimiyyətin opponentləri seçim hüququndan məhrum edilirlər. Amma bununla belə Rusiyada forma baxımından seçkilər daha insani sifətlə keçirilir. Baxmayaraq ki, hər iki ölkədə keçirilən seçki bir-birindən heç nəylə fərqlənmir. Bu baxımdan ATƏT-in və digər beynəlxalq təşkilatların hər iki ölkədəki seçkilərə fərqli münasibət bəsləməsi qəribə görünür. Istər Rusiyada, istərsə də Azərbaycanda seçkilərin qeyri-demokratikliyi və azad, ədalətli keçirilməməsi faktdır. Hər iki ölkədə seçkilərin demokratik keçirilməsi üçün nə hüquqi, nə də siyasi şərait var". Ona görə də F.Mustafayevin fikrincə, ATƏT prinsiplərinə sadiq qalaraq Rusiyadakı seçkini izləməkdən imtina edirsə, Azərbaycandakı seçkiyə də eyni münasibəti bəsləməlidir:"ATƏT-in Rusiyaya xüsusi münasibəti Moskva-Qərb qarşıdurmasından irəli gəlir. Rusiyadakı seçkinin qeyri-demokratikliyi bəri başdan təsdiq etmək üçün ATƏT-in müşahidəçi missiyası bu ölkəyə gəlmədi. Düzdür, Azərbaycan Qərb üçün kiçik ölkə olduğundan bizdəki avtoritarizm Avropanı Rusiyadakı qədər narahat etmir. Amma əgər biz dəyərlərdən, prinsiplərə sadiqlikdən danışırıqsa, o zaman ATƏT Azərbaycanda seçki adı altında keçirilən kampaniyaya da analoji münasibət bəsləməlidir". Xəyal
Azadlıq, 12 fevral, 2008
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1202776977&archive=&start_from=&ucat=4
No comments:
Post a Comment