Iranda həbs olunan azərbaycanlı işgəncədən öldü 2006-cı ilin mayında Iranda keçirilən aksiyalar zamanı həbs olunan Təbriz sakini, 1988-ci il təvəllüdlü Səttar Səliminin hüquq-mühafizə orqanları tərəfindən verilən işgəncələr nəticəsində öldüyü müəyyənləşib. Güney Azərbaycan Istiqlal Partiyasının Araşdırma və Informasiya Mərkəzinin rəhbəri Sadiq Isabəylinin APA-ya verdiyi məlumata görə, 2006-cı ilin mayın 22-də keçirilən mitinqdə iştirak edən S.Səlim evə qayıtmayıb. Bundan narahat olan ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Mitinqdən 15 gündən sonra isə Təbriz Prokurorluğundan ailəsinə deyilib ki, S.Səlim aksiyalarda iştiraka görə saxlanılıb və barəsində cinayət işi başlanıb. Iki ay sonra isə S.Səliminin meyitini ailəsinə təhvil verərək, onun Azərbaycana keçmək istəyərkən Araz çayında boğulduğunu bildiriblər. Ancaq ailəsinin və yaxınlarının araşdırması nəticəsində S.Səlimin Təbrizdə Iran hüquq-mühafizə orqanları tərəfindən göstərilən təzyiq nəticəsində dünyasını dəyişdiyi məlum olub. Qeyd edək ki, 2006-cı ilin mayın 12-də "Iran" qəzetində nəşr edilən azərbaycanlıları təhqir edən karikaturaya etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyalarda minlərlə azərbaycanlı həbs olunub.
Azadlıq, 12 fevral, 2008
No comments:
Post a Comment