15.2.08

«Azərbaycan mövcud siyasəti ilə Rusiyanın kopyasıdır»

Lalə Şövkət: «Kiçik bir demokratik şərait yaransa, seçkilərə qatılacağıq»

Son günlərin maraq kəsb edən məqamı müxalifətin seçkilərdə iştirakı və boykot məsələsidir. «Milli Birlik» Hərəkatının lideri Lalə Şövkət dünən bir qrup jurnalistin bu barədə suallarını cavablandırdı.

- Lalə xanım, seçki qanunvericiliyi ilə bağlı müzakirələr aparırsınızmı?

- Seçki Məcəlləsi ilə bağlı bizim mövqeyimiz bəllidir. Hər şey seçki komissiyalarından asılıdır. Ancaq komissiyalar bütövlükdə iqtidarın inhisarındadır. Biz paritet məsələsini ona görə gündəmdə saxlayırıq ki, iqtidarın da, müxalifətin də komissiyalara etimadı olsun.

- Ancaq belə bir fikir var ki, ən pis halda seçkidə iştirak boykotdan yaxşı variantdır...

- Nəyə görə Rusiyada Kasyanov, Nemsov, Yavlinski seçkilərdən imtina etdilər? Çünki onlara seçkilərə tamaşa kimi baxırlar. Hətta ATƏT-də Rusiyadakı seçkiləri boykot etdi. Nəyə görə dünya və Rusiya mətbuatı boykotçuları dəstəkləyir, amma Azərbaycan mətbuatı nədənsə bu seçki dekorasiyasını özümüzə yaraşdırmaq xəttini tutub.

- Onda niyə əvvəlki seçki tamaşalarında iştirak edirdiniz?

- Xeyr, həmin seçkilər tamaşa deyildi. 1998-ci il seçkilərində iştirak etməyib boykot kursunu götürdük. 2000-ci il parlament seçkilərində iştirak etdik və səs də qazandıq. Unutmayın ki, 2000-ci ildə formalaşan parlamentlə indiki qanunverici orqan arasında böyük fərq var. Heydər Əliyev vəfat edəndən sonra ümid edirdik ki, vəziyyət dəyişir, demokratiya olacaq. 2005-ci ilin parlament seçkisi göstərdi ki, bu, nəticəsi əvvəlcədən bəlli olan bir tamaşadır.

- Siz ATƏT-nin Rusiyadakı seçkilərə münasibətini xatırladınız. Amma Azərbaycana gələn beynəlxalq müşahidəçilər «Azadlıq»
blokunu seçkilərdə iştiraka çağırır. Yəni sizləri niyə dəstəkləmirlər?

- Siz buna tam əminsiniz? Heç bir xarici ölkənin diplomatı boykotun tərəfdarı olduğunu deyə bilməz. Bu, Rusiyada da olmadı. İndi bu fikirləri diplomatlar yox, dünya ictimaiyyəti deyir. Diplomatiyanın öz dili var, yəni diplomatik dildə bu məsələni açmırlar. Məsələn, həmməruzəçi Herkel deyir ki, bu minvalla Azərbaycanda demokratik seçki gözlənilmir. Hazırda Azərbaycan mövcud siyasəti ilə Rusiyanın kopyasıdır. Bir neçə gün öncə Rusiyanın RNT kanalında Maksimoviç öz proqramına Jironovski ilə Züqanovu çağırmışdı. Onların üzlərinə dedi ki, heç utanmırsınız statis rolunu oynayırsınız. Elə vəziyyət yarandı ki, Jironovski Züqanova dedi ki, o, Züqanovu Putinin qapısından çıxırdın, o, səni tapşırıb. Anoloji cavabı Züqanov ona dedi. Beləliklə, Maksimoviç onları biabır etdi. İndi Azərbaycan jurnalistləri eyni sualları təkrarən mənə verir. Bilin ki, kiçik bir demokratik şərait yaransa, biz seçkilərə qatılacağıq.

- Bəs ATƏT-nin Rusiya hakimiyyətinə sərgilədiyi münasibəti Azərbaycan hökumətinə göstərəcəyinə inanırsınızmı?

- Yaşayarıq, görərik.

- Seçkiyə qatılsanız, nə qədər maliyyə gərək olmasını araşdırmısınızmı?

- Mən maliyyə barədə düşünmürəm və bu istiqamətdə sualları müavinlərimə ünvanlayın. Siyasətçiyə maliyyədən çox xalqın etimadı və avtoriteti lazımdır. Bunlar milyardlara dəyər. Avtoriteti sözlə yox, hərəkətlə qazanılır. Təəssüf ki, bu gün söz o qədər ucuzlaşıb ki, millət buna qiymət vermir. İnanıram ki, öz hərəkətləri ilə millətin etimadını qazanan insanlar üçün maliyyə o qədər də böyük rol oynamayacaq.

- Əvəz Temirxan Lalə Şövkətlə Əli Kərimlinin vahid namizəd məsələsində razılığa gəldiyini söyləyir. Bu barədə nə deyə bilərsiniz?

- Yox, razılığa gələcəyik. İnanın ki, bizim aramızda bu məsələ ətrafında heç bir mübahisə olmayacaq. Ona görə ki, mən Əli bəyə demişəm ki, keç önə, mən sənə oğul kimi baxıram. Dəfələrlə Əli bəy deyib ki, Lalə xanım keçsin önə. Yəni bizim münasibətlərimiz hörmət və səmimiyyət üzərində qurulub.

Natiq CAVADLI

Bizim Yol, 15 fevral 2008-ci il
http://www.bizimyol.az/?mod=news&act=view&nid=8700

No comments:

Post a Comment