15.2.08

«İşçi Qrupunun tərkibi dəyişdirilməyəcək»

Leyla Yunus: «Eldar Zeynalov da İşçi Qrupunun üzvüdür, amma qurumdan çıxacağı ilə heç kimi şantaj etmir»

İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri bu həftənin əvvəlindən hakimiyyətin onlara qarşı kampaniyaya start verdiyini və qrupun dağılması istiqamətində fəal iş apardığını bəyan edirlər.

Qeyd edək ki, hüquq müdafiəçiləri hakimiyyətin bu kampaniyasına «Bizim Yol» da daxil olmaqla bəzi mətbu orqanlarının da dəstək verdiyini idda edirlər. Amma unudulmamalıdır ki, hüquq müdafiəçisi Eldar Zeynalov da İşçi Qrupunun üzvüdür. O indiyə qədər həmkarlarının bəyanatlarına dəstək verməyib.
Eldar Zeynalovla birgə İnsan Haqlarının Federasiyasında təmsil olunan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mübahisəyə çevrilən məsələ ilə bağlı sualımızı belə şərh etdi: «Bəli, Eldar Zeynalov da İşçi Qrupunun üzvüdür və ölənə qədər də qurumda fəaliyyət göstərəcəyini bildirir. Həm də İşçi Qrupundan çıxacağı barədə heç kimi şantaj etmir. Digər tərəfdən, Eldar Zeynalov İşçi Qrupunu fəaliyyətsizlikdə ittiham edən bütün sənədlərə imzasını qoyur. Yəni Eldar Zeynalov İşçi Qrupunda olmaqla bərabər əvvəldən Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus üzrə məruzəçinin təyin olunması tələbi ilə çıxış edir. Mən bu cür mövqeyə hörmətlə yanaşıram. Əsas məsələ odur ki, insan öz mövqeyində sona qədər israr etsin». L.Yunus hakimiyyətin İşçi Qrupunun tərkibinin dəyişdirməsi ilə bağlı deyilənləri inandırıcı saymır: «Deputat Gültəkin Hacıyeva qurumun tərkibinin dəyişdirilməsinin heç vaxt gündəmdə olmadığını və bundan sonra da gözlənilmədiyini deyir».
«Bəs bu yöndə kampaniyanı kim aparır?» sualına hüquq müdafiəçisi diplomatik tərzdə cavab verdi: «Bir aydan sonra sual verəcəksiniz ki, bəs deyirdiniz, jurnalistlər və siyasi məhbuslar martın 13-də azad olunacaq? Onda sual verəcəksiniz ki, siyasi məhbuslar niyə azad olunmadılar və niyə İşçi Qrupundan çıxmırsınız? Bu suala «biz İşçi Qrupundan istefa versək, Ənvər Qafarlını quruma daxil edəcəklər» cavabını verəcəklər».
Hüquq müdafiəçisi bildirdi ki, İşçi Qrupunun üzvləri həbsxanalarda olur və bunu müsbət qarşılayır: «Ancaq onlar Kunqurovanın ölümü ilə bağlı heç bir sənəd əldə edə bilmədilər. Əgər Sahib Məmmədova Kunqurovanın ölümü ilə əlaqədar sənədi ala bilmirsə, həbsxanaya getməsinin nə mənası var. Əslində, Kunqurovanın ölümü ilə bağlı cinayət işi qaldırılmalıydı. Mirzə Sakiti uzun müddət Müalicə Müəssisəsinə aparmadılar. Satirik yazar yalnız aclıq edəndən sonra Müalicə Müəssisəsinə köçürüldü. Məgər, buna İşçi Qrupu kömək etdi? Yaxud seçki məhbusu Qadir Musayevin durumunun necə olduğu məlumdur. Məgər, İşçi Qrupu ona yardım edə bilirmi? Təkrar edirəm. Mən İşçi Qrupunun əleyhinə deyiləm. Yalnız qurumun fəaliyyətinin nəticəsiz olmasına təəssüflənirəm. Mənim həmkarlarımla problemim yoxdur. Mən hökumətin qanunsuz hərəkətlərinə etiraz edirəm. Bu gün Qobustanda 72 yaşlı AXCP üzvü Mustafayev ağır xəstədir. Dəfələrlə müvafiq orqanlara bu şəxsin durumunun nəzərə alınması ilə müraciət olunsa da, heç bir dəyişiklik yoxdur. Mənim metro stansiyasında partlayış törədənləri siyasi məhbus hesab etməyim doğru deyil və onlar Federasiyamızın siyahısına salınmayıb. Sadəcə, həmin adamların məhkəməsində prosedur pozuntusu baş verib. Hazırda onların şikayəti Avropa Məhkəməsinin icraatındadır».

Natiq CAVADLI

Bizim Yol, 15 fevral 2008-ci il
http://www.bizimyol.az/?mod=news&act=view&nid=8701

No comments:

Post a Comment