15.2.08

«Hakimiyyət Rəsulzadədən qisas alır»

«Azadlıq» bloku «Cümhuriyyət qurucularına qarşı kampaniya və tarixi həqiqətlər» mövzusunda dəyirmi masa keçirdi Dünən "Azadlıq" Siyasi Partiyalar Bloku BMM-də "Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı kampaniya və tarixi həqiqətlər" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada "Azadlıq" blokuna daxil olan partiyaların funksionerləri, tanınmış elm xadimləri, ziyalılar iştirak edirdilər. "Hakimiyyət seçki ilində Qarabağla bağlı hesab verməkdən yayınmaq istəyir" Tədbiri giriş sözü ilə açan AXCP sədri Əli Kərimli bildirdi ki, Azərbaycan insan haqları, demokratiya, normal seçkinin keçirilməsiylə bağlı ciddi problemlər yaşasa da, gündəmə süni şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularıyla bağlı mövzu gətirilib. Nəticədə bütövlükdə millətin arzuolunmaz diskussiyanın iştirakçısına çevrildiyini deyən Ə.Kərimli qeyd etdi ki, bu müzakirələrin başlanğıcı isə I.Əliyevin Ağdamda çıxışı zamanı Yerevanın vaxtilə Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilməsi və həmin torpaqların Azərbaycana məxsus olması ilə bağlı fikir olub: "Hər kəsə məlumdur ki, Irəvan Azərbaycan xanlıqlarından birinin mərkəzi olub. Hətta bir neçə il bundan qabaq Irəvanın sonuncu xanının nəvəsi də Azərbaycana gəlmişdi. Hazırda o, Türkiyədə yaşayır. Əgər biz bu tarixi faktdan, bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanın özünün paytaxtının belə Azərbaycanın tarixi ərazisi olması konteksindən çıxış etsəydik, bu çox düzgün bir yanaşma olardı. Amma hakimiyyət ümummilli maraqlardan çıxış etmək əvəzinə daxili siyasətdə Xalq Cümhuriyyəti qurucularına olan ögey, yad münasibəti qabartmağa üstünlük verir. Indi müzakirələr tamamilə başqa istiqamətdə gedir. Buna heç bir mənəvi haqqı çatmayanlar Xalq Cümhuriyyəti banilərinin səhvlərini müzakirəyə çıxarıblar. Onların hansı haqla Azərbaycan torpaqlarını ermənilərə verməklərindən danışırlar. Xalq Cümhuriyyətinin yaradıcıları yoxdan bir dövlət yaratmışdılar". Tariximizin qürur verən səhifəsini yazan insanlara qarşı hazırda kampaniya aparıldığını vurğulayan Ə.Kərimli bildirdi ki, xalqımız çeçenlərin başına gələn müsibətləri görüb Xalq Cümhuriyyətinin yaradıcılarına minnətdar olmalıdır. Ə.Kərimlinin fikrincə, o zaman Azərbaycanda cümhuriyyət yaranmasaydı, bu gün bizim müstəqil Azərbaycan dövləti yaratmağımız çətin olardı: "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları o zaman qısa müddətdə nəinki Bakıda, Qarabağda, Zəngəzurda Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdilər. Hanı o zaman olan 114 min kv.km-lik ərazi? Indi onun yalnız 70 mini qalıb əlimizdə. Azərbaycan rəhbərləri həmin itirilmiş torpaqların hesabını vermək əvəzinə gündəmi dəyişirlər. Fikrimcə, bunun iki məqsədi var. Biri seçki ilində mövzunu dəyişməklə, Qarabağın hesabını verməkdən yayınmaqdır. Aparılan kampaniyanın arxasında başqa bir məqam da var. Hazırda iqtidarda olan qüvvələrin Xalq Cümhuriyyətinin qurucularına qarşı lap əvvəldən ögey münasibəti olub. Yaxşı, Irəvanla bağlı məsələ indi ortaya çıxıb. Ondan əvvəl nə mane olurdu cümhuriyyət qurucularına layiq olduqları münasibəti göstərməyə? Bunun səbəblərindən biri 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti öz tarixi mövcudluğu ilə həmişə bu qeyri-demokratik, avtoritar iqtidarı sıxır. Axı hakimiyyətin bütün dünyada rəsmi versiyası budur ki, bizim xalqımız demokratiya üçün yetişməyib". Digər tərəfdən Ə.Kərimli hesab edir ki, Xalq Cümhuriyyətinə qarşı yürüdülən kampaniyanın arxasında müəyyən ideoloji səbəblər dayanır. SSRI dövründə bolşeviklərin cümhüriyyət qurucularına qarşı apardığı təbliğatın indi də davam etdiyini deyən Ə.Kərimli bildirdi ki, hakimiyyət sanki Rəsulzadədən qisas alır. AXCP sədri hesab edir ki, Azərbaycan cəmiyyətinin milli dövlətçiliyinə hörmətlə yanaşan kəsiminin borcu bu hücumlara qarşı müqavimət təşkil etməkdir. "Cümhuriyyət liderlərinə kölgə salmaq əbəsdir" Daha sonra tədbirdə iştirak edən elm adamları bir sıra tarixi həqiqətlərə aydınlıq gətirdilər. Azərbaycan tarixinin mübahisəli məqamlarının çox olduğunu etiraf edən professor, tarix elmləri doktoru Cəmil Həsənli bildirdi ki, amma cümhuriyyət dövrü ətraflı öyrənildiyindən bu dönəmdə qaranlıq heç nə yoxdur: "Müstəqil Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib. Cümhuriyyət tarixinin öyrənilməsiylə bağlı tanınmış tədqiqatçılarımız Şirməmməd Hüseynov, Nəsib Nəsibli, Nəsiman Yaqublu geniş araşdırmalar aparıblar. Hazırda da müzakirəyə çıxarılan məsələlər bu gün təqdim olunandan daha geniş yazılır və tədqiq olunur. Heç bir siyasi liderin, dövlət başçısının torpaqlarımızı verməyə səlahiyyəti yoxdur. Amma hər dövrə öz zamanının şərtləri istiqamətindən baxmaq lazımdır. Hazırda cümhuriyyət qurucularına qarşı çıxış edən şəxslərin heç biri həmin dövrün tarixi ilə məşğul olmayıb. Həmin dönəmdə yaşananlar bir əsrin tarixinə bərabərdir və tariximizin şərəfli səhifəsini təşkil edir". Cümhuriyyət tarixinin Azərbaycan xalqı üçün həm də böyük mənəvi məktəb olduğunu düşünən C.Həsənli qeyd etdi ki, Irəvanın tarixi Azərbaycan torpağı olduğu heç kimə sirr deyil: "Cümhuriyyət liderlərinə kölgə salmaq əbəsdir. Sovet dövrü Rəsulzadəni tarixdən silməyə çalışırdı. Hətta bu kampaniyaya Stalinin özü başçılıq edirdi. Amma Rəsulzadə tarixdə yaşamaq haqqını özü qazanıb və bunu onun əlindən heç kəs ala bilməz. Cümhuriyyəti quran şəxslərin həyatı millətə xidmət etməyin nümunəsidir. Bu gün cümhuriyyət qurucularına qarşı aparılan kampaniya anti-milli xarakter daşıyır və bu cür münasibət yolverilməzdir". C.Həsənli sonda bildirdi ki, bu cür kampaniya aparmaqdansa, cümhuriyyət tarixi ilə bağlı Britaniya və Rusiya arxivlərində olan dəyərli sənədlər araşdırılmalıdır. "Tarixin təhrif olunması Azərbaycan xalqına baha başa gələ bilər" AXCP sədrinin müavini, professor Kamil Vəli Nərimanoğlu bildirdi ki, Xalq Cümhuriyyətinin tarixinin təhrif olunması siyasəti professor Iqrar Əliyevin vaxtından başlayıb. M.Ə.Rəsulzadənin əvəzolunmaz tarixi şəxsiyyət olduğunu deyən K.V.Nərimanoğlu bildirdi ki, cümhuriyyət qurucularına qarşı bu cür münasibət və tarixin təhrif olunması Azərbaycan xalqına baha başa gələ bilər: "Biz bu cür ideoloji təxribatla bağlı həyəcan səsimizi qaldırmalıyıq. Məmməd Əmin Rəsulzadə və onun tərəfdarları yoxdan dövlət yaradıblar. Və onların o zaman atdıqları addımlara nəzər yetirərkən, tarixi şəraiti unutmaq lazım deyil. Tarixi heç kəs dəyişə bilməz. Rəsulzadə, Xalq Cümhuriyyəti Şərqdə demokratik hərəkatın təməl daşıdır". Cümhuriyyətə qarşı olan hücumlarla bağlı tədbirlərin bundan sonra da davam etməsinin tərəfdarı olan K.V.Nərimanoğlu bildirdi ki, tariximizə qarşı bu cür münasibət millətimizə başucalığı gətirmir. Cümhuriyyətin 80 illiyinin indikindən qat-qat yaxşı keçirildiyini xatırladan tarixçi alim Elmira Muradəliyeva qeyd etdi ki, həmin ərəfədə cümhuriyyət dövrünü əks etdirən çoxlu sayda əsərlər, monoqrafiyalar dərc olunmuşdu: "Hazırda cümhuriyyət qurucularının rəsmi KIV-də təqdimatı düzgün aparılmır. Məktəblərdə tədris olunan dərsliklərdə də cümhuriyyət tarixi ciddi şəkildə təhrif olunur. Elə təsəvvür yaradılır ki, guya Azərbaycanın müstəqillik tarixi 1997-ci ildən başlayır". "Xalq Cümhuriyyətinə qarşı kampaniya əliyevləri ifşa etdi" Hazırda aparılan kampaniyanın təəccüblü olmadığını deyən tarixçi alim Leyla Yunus bildirdi ki, hakimiyyətin cümhuriyyət qurucularına qarşı mənfi münasibəti bütün illərdə olub: "Amma hazırkı gənclik inanmıram ki, Xalq Cümhuriyyəti ilə bağlı tədris olunan yalanlara inansın. Bu cür siyasətin aparılması Sovet dövründə hakimiyyətdə olanların hazırda da ölkəyə rəhbərlik etməsiylə bağlıdır. Digər tərəfdən biz alternativ dərsliklər hazırlayaraq həmin dövrdə baş verən tarixi həqiqətləri göstərə bilərik". ALP-nin sədr əvəzi Əvəz Temirxan bildirdi ki, o, cümhuriyyət tarixinə qarşı apardıqları bu cür kampaniyaya görə Heydər və Ilham Əliyevlərə təşəkkürünü bildirir: "Əgər biz əvvəllər bu rejimin təmsilçilərini pambıq pripiskası ilə, işsizlərə "iş yeri" açan, seçkiləri saxtalaşdıran quruluş kimi tanıyırdıqsa, indi bütün bunlara tarixi saxtalaşdıranlar da əlavə olundu. Əliyevləri onlardan yaxşı heç kim ifşa edə bilməz. Hazırda Irəvanın tarixi Azərbaycan torpağı olduğunun tez-tez vurğulanması insanları düşünməyə vadar edir. Onlar hakimiyyətdən Irəvan uğrunda da mübarizə aparmağı tələb edə bilərlər". "Cümhuriyyət tarixinə qarşı təbliğat bir başlanğıcdır" AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, hakimiyyətin Xalq Cümhuriyyətinə qarşı apardığı kampaniya tarixi problem olsa da, siyasi prosesdir: "Hazırkı hakimiyyətin məntiqincə, Azərbaycan tarixində mütərəqqi, cəlbedici nə varsa, əliyevlərlə bağlı olmalıdır. Onlar elə hesab edirlər ki, Azərbaycanın müstəqilliyi 1969-cu ildən başlayıb. Və xalqımız bütün tarixi uğurlarına görə də bu hakimiyyətə borcludur. Əslində cümhuriyyət tarixinə qarşı təbliğat bir başlanğıcdır. Buna görə də hesab edirəm ki, həqiqətin cəmiyyət tərəfindən dərk edilməsi istiqamətində səylər artırılmalıdır". ALP funksioneri Orxan Orucov hesab edir ki, hazırkı hakimiyyət Xalq Cümhuriyyətini özünə ideoloji rəqib saydığından ona qarşı bu cür kampaniya aparır. Iqtidarın xalqımızın demokratiyaya hazır olmadığı təəssüratını yaratmağa çalışdığını deyən O.Orucov əlavə etdi ki, yürüdülən siyasət hazırkı rejimin təməl prinsipidir. "Hakimiyyət Qarabağ danışıqları ilə bağlı uğursuz siyasətini sığortalamaq üçün tarixi təhrif edir" AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyev bildirdi ki, gənclər cümhuriyyətin 90 illiyi ilə bağlı bir müddət əvvəl keçirdikləri tədbirləri bundan sonra da davam etdirəcəklər. S.Həziyev cümhuriyyətin 90 illiyi ilə bağlı konkret tədbirlərin keçirilməsi təklifini irəli sürdü: "Məsələn, mətbuatda cümhuriyyətin 90 illiyinə həsr olunmuş elmi-publisistik, araşdırma yazılar müsabiqəsi elan oluna bilər. Xalq Cümhuriyyətinə qarşı aparılan təbliğata gəlincəsə, fikrimcə, bunun bir səbəbi də Qarabağ münaqişəsi ilə bağlıdır. Hamı çox gözəl anlayır ki, Ilham Əliyevin işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti yoxdur. Və bu üzdən də xalqa o fikri aşılamağa çalışır ki, cəmiyyətin rəğbət bəslədiyi tarixi şəxsiyyətlər də bir vaxtlar torpaqlarımızı güzəştə gediblər. Belə bir addımın yenidən təkrarlanmasında da qəbahət bir şey yoxdur". Ekspert Ilham Ismayıl da bildirdi ki, I.Əliyevin Ağdamda səsləndirdiyi fikirlər və Irəvanla bağlı tarixi faktların indi ortaya atılması təsadüfi deyil: "Hakimiyyət 93-cü ildən Qarabağ danışıqları ilə bağlı apardığı uğursuz siyasəti və həmin siyasətin gələcək perspektivsizliyini sığortalamaq üçün tarixi bu cür təhrif edə bilər. Görünür, hakimiyyət indidən Qarabağ danışıqları ilə bağlı güzəştlərə zəmin yaratmaq istəyir. Bu, müstəqilliyimiz baxımından yolverilməzdir". "Hazırkı hakimiyyət Azərbaycan xalqına qarşı genosid siyasət aparır" Tanınmış jurnalist Xaliq Bahadır çıxışına Ə.Kərimlinin fikrinə kiçik bir düzəliş etməklə başladı: "Ağdamda Ilham Əliyev çıxışı zamanı Yerevanın vaxtilə Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verildiyini yox, hədiyyə edildiyini deyib. Heydər Əliyev də vaxtilə Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, Məmməd Əmin Rəsulzadə tarixi şəxsiyyət deyil. Sonra da Xalq Cümhuriyyətinin qurucusuna qarşı rəsmi qəzetlərdə təbliğat kampaniyasına start verildi. Təxminən indi də həmin siyasət davam edir. Vaxtilə bolşevik dövründə Xalq Cümhuriyyətinin qurucularına qarşı aparılan siyasət hazırda dövlət televiziyasından cümhuriyyətə, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı aparılır. Fikrimcə, Azərbaycan tarixində dörd respublika olub. 1918-20, 1920-91, 1991-93 və 93-cü ildən bu günə kimi. Bu respublikalardan birincisi milli ideoloji dəyərlər üzərində qurulmuşdu və milli dövlət siyasəti yeridirdi. Daha sonra isə onu Sovet hakimiyyəti əvəz etdi. Bu, anti-milli sistem idi. 70 ildən sonra isə Xalq Cəbhəsi hakimiyyətə gəldi. Bu, respublikada milli-ideoloji dəyərlər üzərində quruldu. Daha sonra da onu yenidən 93-cü ildən hazırkı anti-milli sistem əvəz etdi". Hazırkı hakimiyyətin Azərbaycan xalqına qarşı genosid siyasət apardığını deyən X.Bahadırın fikrincə, cümhuriyyətin 90 illiyi məhdud olsa da, məhz demokratik qüvvələrin hesabına keçirilməlidir. Daha sonra Ə.Kərimli bildirdi ki, o, I.Əliyevin çıxışına baxmayıb. O, sözügedən kampaniyada iştirak edən tarixçilərin dediklərinə istinadən belə söyləyib. Ə.Kərimli əlavə etdi ki, belə görünür, heç onlara bu məsələdə də istinad etmək olmaz. Çünki qısa müddət keçməsinə baxmayaraq, artıq I.Əliyevin dedikləri bu dərəcədə təhrif olunub. "Hakimiyyət cəmiyyətin mənəvi aşınması üçün tarixi təhrif edir" AXCP sədrinin müavini Fuad Mustafayev isə hesab edir ki, hakimiyyətin M.Ə.Rəsulzadəni bu cür hədəfə alması təsadüfi deyil: "Xalq Cümhuriyyəti hazırkı rejim üçün məqbul deyil. Cümhüriyyətin gözdən salınması ideoloji baxımdan hazırkı hakimiyyətə sərf edir. Hakimiyyətin məntiqincə, heç kəs Heydər Əliyevdən yüksəkdə dayana bilməz. Digər tərəfdən hakimiyyət cəmiyyətin mənəvi aşınması üçün də tarixi bu cür təhrif edir. Bu da hazırkı rejimin ömrünü mümkün qədər artırmaq üçündür". Tədbirdəki müzakirələrin məhsuldar olduğunu deyən VIP sədri Əli Əliyev qeyd etdi ki, Xalq Cümhuriyyətinin siyasi aspektdən hazırkı rejimə təhlükəli olması onu hədəfə çevirir: "Azərbaycan xalqının qürur duyduğu səhifələr məhz Xalq Cümhuriyyətinin dövründə yazılıb. Bu tarixi həqiqət hazırda prezident aparatında oturanları rahat buraxmır. Biz bir millət olaraq hökmən bu siyasətin aparılmasına müqavimət göstərməliyik". "Cümhuriyyət qurucularına qarşı aparılan kampaniya mənə 37-ci illəri xatırladır" Hazırkı hakimiyyətin Azərbaycan xalqının hər şeyini özəlləşdirməyə çalışdığını deyən Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət bildirdi ki, tarixin özəlləşdirilməsi də növbəti bir addımdır: "Tarix dövlətin fundamentidir. Bu üzdən Xalq Cümhuriyyəti tarixi hakimiyyətin diqqətini çəkib. Sözün düzü mən inanmıram ki, hazırkı gənclik ona cümhuriyyət tarixi ilə bağlı tədris olunan yalanlara inansın. Amma hazırda cümhuriyyət qurucularına qarşı aparılan kampaniya mənə 37-ci illəri xatırladır. Bu, bolşevik üsul-idarəsidir. Rəsulzadə çoxdan tarixdə öz yerini tutub. Məhz Rəsulzadə 17 yaşında çar Rusiyasına qarşı mübarizə aparan gənclər təşkilatını yaratmışdı. Mənim qəbahətim Rəsulzadənin əsərlərini Atatürkü oxuduqdan sonra oxumağımdadır. Rəsulzadənin əsərlərini oxuyanda artıq bunlara haradasa rast gəldiyimi hiss etdim. Və gördüm ki, hətta dahi Atatürk də Rəsulzadədən öyrənib. Rəsulzadənin vurğuladığı bir çox məsələləri, dəyərləri Atatürk də bəyənirdi. Unutmaq lazım deyil ki, bu adamlar Şərqdə ilk demokratik parlamenti yaradaraq, dərhal qadınlara seçim hüququ veriblər. Bu gün isə təbliğat aparılır ki, guya Azərbaycan xalqı demokratiyaya hazır deyil". Xəyal Şahinoğlu

Azadlıq, 15 fevral, 2008-ci il,
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203041256&archive=&start_from=&ucat=4

No comments:

Post a Comment