5.3.08

ƏRAZİ BÜTÖVLÜYÜMÜZƏ QARŞI ERMƏNİ DOKTRİNASI

Düşmən ölkənin baş hərbi sənədində Dağlıq Qarabağın "müstəqilliyi" prioritet istiqamət kimi əks olunur. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verəcək

C.SÜMƏRİNLİ


Cari ildə Azərbaycanın Hərbi Doktrinasının qəbulu gözlənilir. Əslində bu sənəd ötən il parlamentin müzakirəsinə çıxarılmalı idi. Amma bu baş vermədi. Əvəzində ortaya müxtəlif versiyalar çıxdı. Versiyalardan biri də Azərbaycanın Hərbi Doktrinası layihəsində Ermənistanın düşmən dövlət kimi göstərilməsi, bunun bir sıra Qərb ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunmaması ilə bağlı idi.
Hətta millət vəkili, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü Zahid Oruc "Ayna"nın əməkdaşı ilə söhbətində Hərbi Doktrinamızın qəbulu addımına yönəlik təzyiqlərin olduğunu aşkar bildirmişdi. "Belə hiss olundu ki, konkret olaraq müəyyən qurumların təmsilçiləri çox arzu edirlər ki, Hərbi Doktrinanın əsas prioritetləri düşmən ölkələri sıralamağa yönəlməsin, digər daha başqa xarakterli məsələləri həll etmiş olsun. Amma bu ölkənin Silahlı Qüvvələri Azərbaycan ərazilərini işğaldan azad etməyi Hərbi Doktrinada da görməyəcəklərsə, onda bu hansı sənəddə ifadə olunacaq? Ona görə də açıq deyirəm, bu, Azərbaycanın öz səlahiyyətində olan məsələdir. Gələn sənəd, heç şübhəsiz, parlamentdə geniş müzakirələrdən keçəcək. Mövqeyimə gəldikə, mən Ermənistanın adının orada düşmən dövlət kimi ifadə olunmasını istəyənlərdən biri olacağam" deyən Z.Oruc eyni zamanda Hərbi Doktrinanın qəbulu müddətinin uzanmasının əsas səbəbinin onun ayrı-ayrı müddəaları ilə bağlı konsensusun alınmaması ilə bağlı ola bildiyini ehtimal etmişdi. "Hesab edirəm ki, Hərbi Doktrinanın qəbulu prosesi ilə bağlı, ola bilsin, anlaşılmazlıqlar var. Bunu inkar etmək olmaz. Amma əminəm ki, qarşıdakı qısa müddətdə sözügedən sənədlə bağlı işlər başa çatdırılacaq və parlament onu yaz sessiyasında qəbul edəcək", - deyə o bildirir.
Qeyd edək ki, ötən il dekabrın 25-də Ermənistan prezidentinin imzası ilə bu ölkənin Hərbi Doktrinası qəbul olundu, amma onun mətni uzun müddət cəmiyyətə açıqlanmadı. Bəzi ekspertlər bu məsələdə Azərbaycanın eyniadlı sənəd layihəsinin vəziyyəti ilə oxşarlıqlar axtardılar. Belə bir versiya ortaya çıxdı ki, Azərbaycan bu ölkənin Hərbi Doktrinasında düşmən ölkə kimi göstərildiyindən sənəd açıqlanmır.
Bu yaxınlara qədər sənəd açıqlanmadı. Amma fevralın ortalarında Ermənistanın Hərbi Doktrinasının mətni cəmiyyətə açıqlandığı zaman vəziyyətin elə düşünüldüyü kimi olduğunu gördük.
"Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin və onun seçdiyi inkişaf yolunun təminatçısıdır". Bu müddəa Ermənistanın Hərbi Doktrinasının elə girişində özünə yer alır. Yerevanın nəyə görə təminat verən dövlət olmasının "səbəbləri" sənəddə belə izah olunur:
"- Soyqırıma məruz qalmış erməni xalqına qarşı Azərbaycan ərazisində (1980-90-cı illərdə Sumqayıt, Bakı və digər yerlərdə) milli zəmində yeni təmizləmə gerçəkliyi;
- Azərbaycan Respublikasının qanuni və dinc yolla öz müqəddəratını təyin etmək uğrunda səy göstərən Dağlıq Qarabağ xalqına qarşı hərbi güc tətbiq etmək siyasəti və onu 1988-1994-cü illərdə müharibəyə təhrik etməsi; - Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etmək səyləri səbəbindən daim fiziki məhv olma təhlükəsinə məruz qalan Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin olunması zəruriliyi;
- Ermənistan Respublikası və Dağlıq Qarabağ Respublikasının və onların əhalisinin tarixən ərazi, mənəvi-dini, etnik və mədəni uyğunluğu;
- Dağlıq Qarabağ xalqının öz tarixi vətənində öz müqəddəratını təyin etmə faktının mübahisəsiz siyasi-hüquqi əsasları;
- Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlətə çevrilməsi gerçəkliyinin dönməzliyi;
- Ermənistan Respublikası və Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin təmin olunması tapşırıqlarının ümumiliyi və qarşılıqlı əlaqədə olması".
Ermənistanın Hərbi Doktrinası müdafiə xarakterlidir: "Bu sənəd Ermənistanın milli təhlükəsizliyinin təməl dəyərlərinin ardıcıl müdafiəsinə, regionda sülh və sabitliyin möhkəmlənməsinə hədəflənib".
Sənədin "vasitələr və hərbi təhlükəsizlik təhdidləri" bölməsində Ermənistanın hərbi təhlükəsizliyinə xarici təhdidlər əksini tapır. Bu təhdidlər arasında "Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu, Azərbaycan Respublikasının Ermənistan Respublikası üzərində hərbi üstünlüyə çatmağa səy göstərməsi və Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi və bu məqsədlə Ermənistan Respublikası və ya Dağlıq Qarabağ Respublikası əleyhinə hərbi əməliyyatların hazırlanması" göstərilir.
Eyni zamanda "Ermənistan Respublikasının əleyinə istiqamətlənmiş ittifaqların yaradılması və genişləndirilməsi, xüsusilə Türkiyə Respublikası ilə Azərbaycan Respublikasının strateji birliyi, onların Ermənistan Respublikasını blokadada saxlamaq istiqamətində addımları, güc tətbiq etmələri Ermənistanın hərbi təhlükəsizliyinə xarici təhdidlər arasında yer alır". Həmçinin "Ermənistanın qonşu dövlətlər tərəfindən iqtisadi, nəqliyyat və kommunikasiya baxımından təcrid olunması" da təhdidlər kimi göstərilir.
Qeyd edilir ki, hərbi təhlükəsizlik təhdidlərini dəf edən amillər aşağıdakılardır:
1) Hərbi təhlükəsizlik təhdidlərini neytrallaşdırmağa qadir Silahlı Qüvvələr.
2) hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin artırılması üçün münbit şərait yaradan beynəlxalq inteqrasiya prosesləri.
3) region dövlətləri arasında silahlı münaqişələrin ortaya çıxması və yeni təhdidlərin mövcud olma ehtimalını aşağı salan amillər.
4) regionda sabitliyin möhkəmlənməsinə dəlalət edən BMT, KTST, NATO, ATƏT, digər beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərin fəaliyyəti.
Hərbi Doktrinanın "müdafiə strategiyası" bölümündə qeyd edilir ki, "Ermənistanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin təminatı, Ermənistan və Dağlıq Qarabağ Respublikasının əhalisinin fiziki təhlükəsizliyi üçün zəruri olan müdafiə potensialının təmin olunmasında hərbi məqsədlərdən ən əsası" aşağıdakıdır: "Ermənistan Respublikası və Dağlıq Qarabağ Respublikasının hərbi təhlükəsizliyinə təhdidlərin qısa və uzunmüddətli əməliyyat-müdafiə proqramlarının və planların hazırlanması və həyata keçirilməsi yolu ilə neytrallaşdırılması və xəbərdarlıq edilməsi".
Qeyd edilir ki, dinc dövrdə Ermənistan müdafiə sahəsinin müasirləşdirilməsi üç əsas amildən ibarətdir. Buraya Silahlı Qüvvələr strukturunun, onun şəxsi heyətinin komplektləşdirilməsi, ehtiyat qüvvələrin baxışdan keçirilməsi, resursların idarə olunması, hərbi-texniki və hərbi-iqtisadi təminat, eləcə də səfərbərlik siyasətinin yürüdülməsi daxildir.
Sənədin "beynəlxalq hərbi və hərbi təhlükəsizlik əməkdaşlığı" bölümü də maraqlıdır. Bu ölkənin beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlığının əsas məqsədləri aşağıdakılardan ibarətdir:
1) hərbi təhlükəsizliyin hərtərəfli təminatı və hərbi-siyasi mövqelərin gücləndirilməsi;
2) silahlı qüvvələrin ümumi gücünə, eləcə də regionda hərbi və hərbi-siyasi ittifaqlara münasibətdə paritetin saxlanılması;
3) silahlı qüvvələrin müasirləşdirilməsində beynəlxalq təcrübənin tətbiq olunması;
4) silahlı qüvvələr kadrlarının hazırlığı və təlimindəki tələbatların ödənilməsi, onların silah və hərbi texnika ilə təmin olunması;
5) hərbi sənaye kompleksinin inkişafı və yenidən qurulması.
Sənəddə qeyd edilir ki, Ermənistanın beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlığının prioritet istiqamətləri aşağıdakılardan ibarətdir:
1) Rusiya Federasiyası ilə strateji əməkdaşlıq. Ermənistan Respublikası Rusiya Federasiyası ilə qoşunların (qüvvələrin) birləşmiş qrupu kimi daim fəaliyyət göstərən birgə qüvvələr yaradır;
2) Kollektiv Təhlükəsizliyə dair Saziş Təşkilatı (KTST) və onun aşağıdakı proqramlarında fəal və təcrübi iştirak:
- hərbi siyasətin əsas istiqamətlərinin işlənilməsi,
- regional prinsip üzrə kollektiv təhlükəsizlik sisteminin inkişafı,
- MDB və KTST Hava Hücumundan Müdafiə sistemlərinin təkmilləşməsi,
- hərbi-texniki əməkdaşlıq,
- hərbi infrastrukturun inkişafı,
- hərbi kadrların hazırlığı və hərbi elm,
- beynəlxalq terrorizm və digər beynəlxalq cinayətlərlə mübarizə,
- KTST-yə üzv dövlətlərlə ikitərəfli formatda əməkdaşlıq.
3) ABŞ-la müdafiə islahatlarının həyata keçirilməsində, qarşılıqlı birləşmələrin yaradılmasında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak üzrə ikitərəfli hərbi əməkdaşlıq;
4) NATO və alyansa üzv dövlətlər sırasından tərəfdaşlarla Avroatlantik şurası və "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq. NATO ilə perspektiv münasibətlərin lazımi səviyyədə inkişafı və genişlənməsi məqsədilə Ermənistan NATO ilə "Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı"nı həyata keçirir və NATO-nun "Planlaşdırma və analiz prosesi"ndə iştirak edir;
5) siyasətləri Ermənistanın milli təhlükəsizliyinin təməl dəyərlərinə zidd olmayan regional və qeyri-regional dövlətlərlə əməkdaşlıq;
6) beynəlxalq təşkilatlar, xüsusilə BMT və ATƏT çərçivəsində silahlara nəzarət sahəsində əməkdaşlıq.
Hərbi Doktrinanın "silahlı qüvvələr və digər qoşunlar" bölməsində qeyd edilir ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığa riayət edir və vətəndaş nəzarəti altındadır. Digər qoşunlar isə Ermənistan Respublikasının Polis Qoşunları, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları, eləcə də digər silahlı birləşmələrdir. Hərbi dövrdə digər qoşunlar silahlı qüvvələr komandanlığının əməliyyat tabeliyinə keçir. Sənəddə silahlı qüvvələrin qarşısına qoyulan 10 məqsəddən söz açılır. Maraqlıdır ki, Hərbi Doktrinada Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisində yerləşdiyi qeyd edilib və bu zaman Qarabağ ərazisindəki qüvvələrdən söhbət açılmayıb. Eyni zamanda Silahlı Qüvvələrin əsas tətbiqi formaları arasında da Qarabağla bağlı hər hansı məqamlar yoxdur.
Hərbi Doktrinada Ermənistanın hərbi təhlükəsizlik sisteminin quruculuğu dövrü də əksini tapır. Hərbi təhlükəsizlik sisteminin 2015-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur.
Düşmən ölkənin bəhs etdiyimiz sənədində Azərbaycanın ərazi bütövlüyünə qarşı əksini tapmış müddəalara münasibətini öyrənmək üçün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimlə əlaqə saxladıq. Qeyd edək ki, XİN-in əməkdaşları Azərbaycanın Hərbi Doktrinası layihəsinin hazırlanmasına məsul olan işçi qrupuna daxildir. X.İbrahim sənədlə hələlik tanış olmadığını etiraf etdi və bildirdi ki, gələn həftənin birinci günü Ermənistanın Hərbi Doktrinası ilə bağlı şərhlərini bizə bildirəcək.
Azərbaycanın Hərbi Doktrinasının hazırlanmasına məsul işçi qrupundan isə "Ayna"ya bildirdilər ki, qonşu ölkənin oxşar sənədində məlum müddəaların açıqlanması Azərbaycanı da eyni addımlar atmağa vadar edir. "Azərbaycanın Hərbi Doktrinasında da Ermənistanın düşmən dövlət olduğu, bu dövlətin tarixən Azərbaycan torpaqları üzərində yaradıldığı və bu ərazilərin qaytarılması zəruriliyi ilə bağlı müddəalar əksini tapmalıdır", - deyə mənbə bildirdi.

Ayna.az, Ş. , Mar. 1, 2008

No comments:

Post a Comment