5.3.08

Robert Köçəryan: "QARABAĞ DANIŞIQLARI PAYIZA QƏDƏR DONDURULACAQ"


Rəsmi Bakı isə yaxın günlərdə səlahiyyətləri başa çatacaq Ermənistan prezidentinin bu bəyanatını ciddi hesab etmir

S.ABBAS

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin payıza qədər "dondurulacağı" gözlənilir. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Robert Köçəryan İrəvan Dövlət Universitetinin tələbələri qarşısındakı çıxışında deyib.
O, danışıqlarda yaranacaq fasilənin Azərbaycanda bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu söyləyib. Bununla yanaşı, R.Köçəryan Ermənistanın yeni prezidenti Serj Sərkisyanın seçkilərə qədər bəzi beynəlxalq görüşlərdə Azərbaycan prezidenti İlham Əliyevlə dialoq qurmağa səy göstərəcəyini də açıqlayıb.
Daha sonra R.Köçəryan Kosovo haqqında söz açıb və bunun Qarabağ üçün presedent olacağını dilə gətirib.
"Kosovo presedenti Ermənistan üçün çox vacibdir. Sözsüz ki, bu, "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınmasına müsbət təsir göstərəcək", - deyə qeyd edən R.Köçəryan Kosovonun Avropanın mərkəzində yerləşdiyini və bir çox amilin bu diyarın lehinə işlədiyini vurğulayaraq Kosovo nümunəsinin Qarabağdan fərqləndiyini etiraf edib: "Ancaq biz öz mübarizəmizdə ardıcıl olmalıyıq. Qarabağın müstəqilliyi bizim üçün faktdır. Yeganə məsələ digər dövlətlərin də bu faktı tanımasıdır".
R.Köçəryan bildirib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini faktik olaraq çoxdan tanıyıb və ikitərəfli əlaqələr qurub. Onun fikrincə, faktik tanıma parlament və prezidentin rəsmi qərarlarından daha önəmlidir: "Mən bu cür dövlət aktının qəbulunda problem görmürəm. Amma biz bu addımın danışıqlar prosesinə kömək edəcəyini, yoxsa maneə törədəcəyini də hesablamalıyıq", - deyə o vurğulayıb.
Rəsmi Bakı isə R.Köçəryanın bəyanatlarını qeyri-ciddi hesab edir. "Robert Köçəryanın səlahiyyət müddəti bitir və o, payıza qədər də, sonra da Ermənistan prezidenti olmayacaq". Bu sözləri R.Köçəryanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların payıza qədər "dondurulacağı" barədə bəyanatına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib.
Ermənistan prezidentinin Kosovonun Dağlıq Qarabağ üçün presedent olacağına dair fikirlərinə toxunan X.İbrahim hesab edir ki, R.Köçəryan arzu etdiyini reallıq kimi qələmə verir. O xatırladıb ki, dünya ictimaiyyəti Kosovodakı vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsi üçün heç bir halda presedent təşkil etməyəcəyini və bu münaqişələrin çox fərqli olduğunu dəfələrlə vurğulayıb: "Ermənistan tərəfi başa düşməlidir ki, onlar bu cür spekulyasiyalarla yalnız uduzmuş olacaqlar. Çünki reallıqlar tam fərqlidir. Ermənistan rəhbərliyi birdəfəlik anlamalıdır ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycandan kənarda başqa bir statusa malik ola bilməz. Beynəlxalq hüquq, real vəziyyət, beynəlxalq ictimaiyyətin yekdil fikri var. Ermənistanın həm indiki, həm də keçmiş rəhbərliyi bu reallıqları nə qədər tez başa düşsə, o qədər onların xeyrinə olar", - deyə X.İbrahim vurğulayıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, Dağlıq Qarabağ üzrə İctimai Şura fevralın 17-də Kosovonun birtərəfli qaydada müstəqilliyinin elan etməsi ilə bağlı BMT-yə, ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanervaya, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, Avropa Birliyinə, Avropa Şurası Parlament Assambleyasına, NATO-nun baş katibi Yaap de Hoop Sxefferə, Beynəlxalq Böhran Qrupuna, Münaqişələrin Həlli Təşəbbüsü, Beynəlxalq Həyəcan Təşkilatına və Azərbaycanda olan diplomatik missiyalara müraciət ünvanlayıb.
Müraciət müəllifləri Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsinin Cənubi Qafqazdakı münaqişələrin həllinə yönəlmiş sülh prosesinə mümkün mənfi təsirlərinə və ermənilərin bundan sui-istifadə etmə cəhdlərinə görə ciddi narahat olduqlarını bildiriblər.

Ayna.az, Ş. , Mar. 1, 2008

No comments:

Post a Comment