4.3.08

Xəstəxanaları etiraz dalğası bürüyüb


Yüzlərlə həkim eyni gündə işi dayandıra bilər Səhiyyə Nazirliyi isə aylarla həkimlərin əmək haqqının niyə verilmədiyinə aydınlıq gətirmək istəmir Bütün səhiyyə müəssisələrində gərginlik hökm sürür. Artıq həkimlərin əksəriyyəti belə qərar veriblər ki, ötən həftə Onkoloji Mərkəzdə başlayan tətilə qoşulub etiraz aksiyası keçirsinlər. Çünki dövlət səhiyyə ocaqlarında vəziyyət həddindən artıq dözülməzdir. Bir tərəfdən hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarının xəstədən pul alan həkim ovuna çıxması, digər tərəfdən Səhiyyə Nazirliyinin rəhbərliyinin prosesə biganə yanaşması, vəziyyəti dözülməz edib. Bu barədə biz Bakı şəhərindəki 10-dan çox xəstəxanadan məlumat almışıq. Dünən redaksiyamızla əlaqə saxlayan həkimlər qeyd etdilər ki, onlar sonuncu dəfə əmək haqqını 2007-ci il dekabrın 30-da alıblar. Ondan sonra nə pul üzü görüblər, nə də maaşlarının niyə verilmədiyi barədə suallara cavab ala biliblər. Bu cür dözülməz vəziyyətin nə zamana qədər davam edəcəyi məlum deyil. Maraqlıdır ki, bütün dövlət xəstəxanalarında əmək haqqı problemi var. Və artıq mart ayı başlamaq üzrə olsa da, həkimlərə yanvar və fevral aylarının əmək haqqı verilməyib. Bununla yanaşı, məlumdur ki, Oqtay Şirəliyevin qərarına uyğun olaraq dövlət xəstəxanalarında pullu xidmət ləğv edilib. Səhiyyə naziri bununla belə bir fon yaratmağa çalışıb ki, artıq hər kəs pulsuz müayinə və müalicə oluna bilər. Əslində, vəziyyət tamam başqadır. Belə ki, rəhbər vəzifələrdə, yəni, şöbə müdiri, baş həkimin müavini, baş həkim kimi postlarda çalışan həkimlərin orta aylıq əmək haqqı 100-120 manatdır. Tibb bacılarının və xadimələrin əmək haqları 60 manatdan çox deyil. Belə bir vəziyyətdə həkimlərin necə yaşayacağı sual qarşısındadır. Amma səhiyyə naziri Oqtay Şirəliyev bununla maraqlanmaq istəmir. Həkimlərin dəfələrlə nazirliyə zəng vurması da nəticəsiz qalır. O da maraqlıdır ki, bütün xəstəxanaların girişinə yazıb vurublar ki, xəstələr ambulator müalicə almaq üçün ancaq yaşadıqları sahədə yerləşən poliklinikaya müraciət etməlidirlər. Yəni, vətəndaşın səhhətində problem yaranacağı təqdirdə o, mütləq yaşadığı ərazi üzrə poliklinikaya üz tutmalıdır. Aydınlıq olsun deyə belə deyək ki, Gəncə şəhərindən Bakıya qonaq gələn şəxs səhhətindəki problemlə bağlı paytaxtın dövlət xəstəxanalarına müraciət edə bilməz. Daha doğrusu, o, etsə də, həkimin onu qəbul etməsi qadağandır. Çünki qaydaya görə, həkim xəstəni mütləq Gəncəyə yaşadığı əraziyə göndərməlidir. Ağır vəziyyətdə olsa belə, həkim xəstəni qəbul etsə, o, cəzalandırılmalıdır. Halbuki qanunda göstərilib ki, həkim istənilən yerdə yaralıya, xəstəyə yardım etməlidir. Əgər, bunu etməsə, o, məsuliyyətə cəlb olunmalıdır. Oqtay Şirəliyevin verdiyi qərar isə həkimin xəstəyə yardım göstərməsini qadağan edir. Təbii ki, bu da ən azı vətəndaşların sağlamlıq hüquqlarının məhdudlaşdırılması deməkdir. Lakin səhiyyə naziri bunu nəzərə almır. Bu proseslərin davam etdiyi bir ərəfədə isə dövlət xəstəxanalarında işləyən həkimlər kütləvi şəkildə tətil etməyə hazırlaşırlar. Bunu da dünən müxtəlif xəstəxanalarda çalışan həkimlər bizə dedilər. Həkimlər kütləvi şəkildə tətilə başlayaraq, ölkə rəhbərliyindən əmək haqlarını və hüquqlarının bərpasını tələb edəcəklərini bildirdilər. Qeyd edək ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Informasiya şöbəsi
Azadlıq, 24 fevral 2008
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203857051&archive=&start_from=&ucat=4

No comments:

Post a Comment