Həsən Kərimov: «Azərbaycan Rusiyanın təcrübəsindən yararlanmaq niyyətindədir»
Zaman-zaman hakimiyyətin kimlərinsə dili ilə beynəlxalq təşkilatların ünvanına sərt və kəskin ittihamlar səsləndirməsinin, eyni zamanda tənqid və bəzən də təhqiramiz ifadələr işlətməsinin dəfələrlə şahidi olmuşuq. Ötən parlament seçkilərini ciddi şəkildə tənqid edən ATƏT də hakimiyyətin tənqidlərindən kənarda qalmadı. Iki gün öncə isə parlamentin iclasında ATƏT-in fəaliyyəti yenidən ciddi şəkildə tənqid edildi, hətta belə fikirlər səsləndi ki, Azərbaycan hökuməti payızda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ATƏT-in missiyyasını ölkəmizə dəvət etməsin. Bu fikirləri səsləndirən Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc müşahidə missiyasının Ermənistanda keçirilən prezident seçkilərinə verdiyi yekun rəyi əsas gətirərək belə bir mövqe ortaya qoyub. Zahid Orucun fikirlərinə münasibət bildirən AXCP sədrinin müavini Həsən Kərimov deputatın hakimiyyətin verdiyi tapşırıq əsasında danışdığını bildirir: "ATƏT hər zaman Azərbaycanda seçki qanunvericiliyinin dəyişməsi, azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarı kimi çıxış edib. Məhz bu səbəbdən ATƏT Azərbaycanda keçirilmiş seçkiləri, o cümlədən sonuncu parlament seçkisini sərt şəkildə tənqid edib. Sözügedən təşkilatın son zamanlarda hakimiyyətə təzyiqləri artdığından Zahid Orucun belə bir mövqe ortaya qoyması təbiidir. Ola bilsin ki, Azərbaycan Rusiyanın təcrübəsindən yararlanmaq niyyətindədir. Bildiyiniz kimi, Rusiyada keçirilmiş sonuncu seçkidə ATƏT seçkini müşahidə etməyə çağırılmadı. Mən güman edirəm ki, Azərbaycan da qarşıdan gələn prezident seçkilərində hər vəhclə ATƏT-in seçkini müşahidə etməsinin qarşısını alacaq". Informasiya şöbəsi
Azadliq.az, 24 fevral 2008,
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203857375&archive=&start_from=&ucat=4
No comments:
Post a Comment