22.2.08

BAKIDA BÖYÜK ANTİ-PKK ƏMƏLİYYATI GÖZLƏNİLİR

PKK-ya qarşı "Alkapone taktikası" işə salındı
Terror təşkilatının iqtidardakı dayaqları ABŞ və Türkiyə tərəfindən çökdürüləcək



ABŞ Türkiyə ilə PKK-ya qarşı əməkdaşlıq çərçivəsində terror təşkilatının dayaqlarını çökdürmək üçün Avropanın hər yerində hərəkətə keçib. ABŞ dövlət katibinin terrorizm məsələləri üzrə köməkçisi Frank Urbançik bir neçə gün əvvəl Ankaraya səfəri zamanı bəyan etmişdi ki, bütün Avropa qitəsində kök ataraq mafiya kimi fəaliyyət göstərən PKK-ya qarşı vaxtilə Amerikada məşhur italyan mafioz Alkaponeyə qarşı istifadə edilmiş taktika işə salınacaq.
Urbançik xatırladıb ki, Alkapone uzun müddət çoxsaylı cinayətlər həyata keçirsə də, onu həbs etmək üçün dəlillər tapmaq mümkün olmurdu. Nəhayət, onun vergi cinayətlərinə yol verdiyi haqda dəlil əldə edilib və mafioz həbs olunub.
Türkiyə mətbuatının məlumatlarına görə, uzun illərdir Danimarkada açıq-aşkar PKK-nın təbliğat vasitəsi kimi fəaliyyət göstərən "Roj TV" gözlənilmədən Belçika Maliyyə Nazirliyinin 4 milyon avro məbləğində vergi cəzası ilə üzləşib. "Roj TV" rəhbərliyi bildirib ki, şirkətin bütün bank hesablarına bu sanksiya ilə bağlı həbs cəzası qoyulub. Qeyd edək ki, telekanal həm də Belçikadan yayımlanır. "Hürriyet" qəzetinin yazdığına görə, son günlər ABŞ, Türkiyə və bəzi Avropa Birliyi ölkələri "Roj TV"nin bağlanması üçün Belçikaya güclü təzyiq göstərir. Belçika və Danimarka hökumətləri əvvəlcə söz azadlığı prinsipini əsas götürərək bu telekanalı bağlamaqdan imtina edirdi, lakin ABŞ-ın çağırışları əsasında telekanalı digər yönlərdən, o cümlədən maliyyə baxımından sıxışdırmaq qərara alınıb.
Qəzetin yazdıqlarına görə, "Roj TV"nin rəhbərliyi kanalın əmlakını ayrı-ayrı fərdi şəxslərin adlarına rəsmiləşdirərək kəsilən vergi cəzası müqabilində onların müsadirə edilməsini əngəlləməyə çalışır. Lakin bu da mümkün olmasa, "Roj TV" Almaniyanın Vuppertal şəhərindəki studiyasından yayımını davam etdirmək niyyətindədir. Gözlənilir ki, "Roj TV"nin ardınca PKK-nın Avropa ölkələrində indiyədək sərbəst şəkildə fəaliyyət göstərən şirkətləri və təşkilatları da "Alkapone taktikası" ilə vurulacaq.
Xatırladaq ki, Urbançik Ankaradan sonra Bakıda səfərdə olub və Azərbaycan rəsmiləri ilə PKK məsələsi ilə bağlı danışıqlar aparıb. Bu, ABŞ-la Azərbaycan arasında PKK ilə bağlı ilk rəsmi danışıqlar idi. Belə görünür ki, amerikalı diplomatın Ankaraya, ardınca isə Bakıya səfəri məhz PKK ilə bağlı olub. Bu da təsadüfi sayılmamalıdır. Əvvəla, ona görə ki, Quzey İraqda Türk ordusu tərəfindən sıxışdırılan PKK militanları və onların ailələri ən müxtəlif yollarla Azərbaycana sızırlar. Yəqin oxucularımız ölkə mediasının qanunsuz kürd köçü ilə bağlı həyəcanlı xəbərlərini xatırlayır.
Digər tərəfdən, verilmiş siyasi qərarla, PKK-nın bütün hərbi strukturları İran üzərindən Ermənistana, oradan da Dağlıq Qarabağa köçürülür. Başqa bir məqamsa ondan ibarətdir ki, Azərbaycan terror hörgütünün bir növ qışlaq məkanı sayılır. Bizim ölkənin hakimiyyətinə nüfuz etmiş ayrı-ayrı kürdəsilli məmurların xəyanəti nəticəsində Türkiyə xüsusi xidmət orqanları tərəfindən axtarılan çoxsaylı PKK-çı terroristlər məhz Azərbaycanda daldalanır, burada biznes fəaliyyəti quraraq, şəbəkələşirlər. Bunu bizimlə bərabər, zaman-zaman Türkiyə mətbuatı da yazdı. Bir çox qarşılıqlı fikir mübadiləsi və təmaslar nəticəsində bizə məlum olub ki, Azərbaycanda PKK-nın bu və ya başqa şəkildə yerləşməsi, strukturlaşması, qida sənayesi və ticarətinə, tütünlə bağlı bütün növ biznesə, narkoticarətə nəzarəti ələ keçirməsi Türkiyə rəsmilərinə də məlum olmuşdur. Bu səbəbdən də Azərbaycan, heç şübhəsiz ki, "Alkapone planı"nın əhatə dairəsinə düşür. Buş administrasiyasının təmsilçisi olan Urbançikin də Bakıya rəsmi səfəri və burada keçirtdiyi görüşlər onu sübut edir ki, ABŞ-Türkiyə ittifaqının hədəfə götürdüyü PKK buralara qədər gəlib çıxıb!
Amerika PKK-ya müharibə elan edib və əgər onu tezliklə bitirməsə və bu terror təşkilatının bütün strukturunu dünyanın hər yerində dağıtmasa, özü çətin vəziyyətdə qalacaq. PKK artıq ABŞ-ın maraqlarını açıq şəkildə təhdid etməyə başlayıb.
Bizim mənbələrin mülahizələrinə görə, PKK-ya həsr olunmuş Bakı danışıqlarında da terror təşkilatının maliyyə qaynaqlarının kəsilməsi, hörgütün ayrı-ayrı üzvlərinin həbs edilib təhvil verilməsi, eləcə də Dağlıq Qarabağ ərazisindəki düşərgələrin təsbit edilməsi üçün rəsmi Bakının Türkiyənin Silahlı Qüvvələrinə hər cür dəstək verməsi məsələləri müzakirə olunub. Yəni PKK-nı özünün düşməni elan edən ABŞ Türkiyə ilə əməkdaşlıq şəraitində bu terror təşkilatını bütün Avropa qitəsində, o cümlədən Azərbaycanda izləyib zərərsizləşdirmək planları qurub və bunu həyata keçirmək üzrədir. Urbançik Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində demişdi ki, PKK-ya qarşı tətbiq edilən yeni taktikada əsas məsələ terror təşkilatını daimi şəkildə izləmək və təzyiq altında saxlamaqdır. Çünki PKK daimi təzyiq hiss edərsə, səhvə də yol verəcək və nəticədə cinayət başında yaxalanacaq: "Bizim məqsədimiz PKK-çıların təkcə Türkiyə və İraqda yox, həm də istənilən başqa ölkədə yaxalanmasını təmin etməkdir".
PKK-ya qarşı "Alkapone taktikası"nın həm də Azərbaycanda işə salınacağı həm də ona görə şübhə doğurmur ki, indiyədək çoxsaylı yerli və xarici mənbələr bu terror təşkilatının ölkədə güclü dayaqlarının olması haqda məlumatlar yayıblar. Bura PKK-nın narkotik tranziti şəbəkəsinin bağlantıları, terror təşkilatına maliyyə ötürən və ya onunla birgə çirkli biznes həyata keçirən ayrı-ayrı şirkətlər və ya şəxslər, təşkilatın çirkli pullarının "yuyulmasını" təmin edən vasitəçilər, nəhayət, bilavasitə təşkilatın hərbi qanadına üzv olan, ancaq mülki geyimdə gəzib silah daşımayan fəalları daxildir. Amerikalı diplomatla danışıqlardan sonra xarici işlər nazirinin müavini Araz Əzimov da bəyan edib ki, PKK ölkə üçün təhdid təşkil etməyə başlayır. Terror təşkilatının Ermənistan vasitəsilə Dağlıq Qarabağda yerləşmək planları haqda da məlumatlar bir-birini əvəzləməkdə davam edir.
Yaxın günlərdə PKK-ya dəstək verən qəzet və dərgilərin, o cümlədən də "Diplomat" və "Dənqeyi Kürd" qəzetlərinin bağlanması, bir sıra tanınmış iş adamlarının, siyasət mənsublarının, vəzifəli məmurların ifşası və həbsi də gözləniləndir.
Siyasət şöbəsi

Yeni Musavat, 21.02.2008 [10:59], http://www.musavat.com/site/shownews.php?news_id=31138


No comments: