15.2.08

Araz Əzimov: "PKK Azərbaycana daha da yaxınlaşır"

RƏSMİ BAKI VƏ VAŞİNQTON KÜRD TERRORÇULARINA QARŞI MÜBARİZƏ ÜSULLARINI MÜZAKİRƏ EDİR


Azərbaycanla ABŞ antiterror danışıqlarında PKK məsələsini müzakirə edirlər. Bu barədə "Azadlıq" radiosuna müsahibəsində xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib. O, fevralın 14-də Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini - dövlət katibinin müşaviri Frenk Urbançiklə danışıqlar aparıb. Nazir müavini bildirib ki, Bakı terrorizmə milli, regional və beynəlxalq səviyyədə baxılmasına tərəfdardır. "Son zamanlar Türkiyənin üzləşdiyi problemlərlə əlaqəli olaraq PKK-nın fəaliyyətini daha yaxından izləməli oluruq. Çünki müxtəlif mənbələrdən gələn xəbərlərə görə, bu təşkilat artıq bizim ölkəmizə daha da yaxınlaşır" - deyə A.Əzimov bildirib.

Nazir müavininin fikrincə, PKK-nın digər regional və beynəlxalq terrorçu qrupları ilə əlaqəsi də nəzərdən keçirilməlidir. Çünki bu təşkilatın üzvləri Türkiyə və Azərbaycana düşmən olan digər qurumlarla da əlaqə qura bilərlər.

Bakı Vaşinqtona terrorun köklərinin kompleks şəkildə araşdırılmasını və onların aradan qaldırılması üçün tədbirlər görülməsini təklif edir. Danışıqlarda həm də terrorun maliyyələşməsinin qarşısını almaq və çirkli pulların yuyulması kimi məsələlərə də baxılır.

"Bu problemlər ABŞ-la həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində müzakirə olunur. Yayda isə iki ölkə arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək" - deyə Əzimov bildirib ("Turan").

525ci qəzet, 15 Fevral 2008-cı il N 28(2619)
http://www.525.az/new/2008/02/15/read=25701

No comments: