15.2.08

Xüsusi sifarişli həbsin təfərrüatları

İşçi qrupu: «Müşfiq Hüseynov siyasi məhbusdur və dərhal azad olunmalıdır»

Dünən Beynəlxalq Mətbuat Mərkəzində «Bizim Yol» qəzetinin ştatdankənar əməkdaşı Müşfiq Hüseynovun işi ilə bağlı hesabat təqdim edilib. Hesabat Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun nəzdində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb.

İnstitutun rəhbəri Emin Hüseynov işçi qrupunun araşdırmalar nəticəsində Müşfiq Hüseynovun həbsini «hakimiyyətin siyasi maraqlarına uyğun olaraq jurnalistlərin gözdən salınması məqsədilə» həyata keçirildiyi qənaətinə gəldiyini bildirdi: «Bu hadisə «Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən qabaqcadan hazırlanmış provokasiya xarakterli əməliyyat olub».

Emin Hüseynov daha sonra dedi: «İşçi qrup müəyyən edib ki, Hüseynovun həbsindən başlayaraq ona hökm oxunana qədər jurnalistin hüquqları kobud surətdə pozulub. Həbsi və istintaqı həyata keçirən orqanlar, eləcə də məhkəmələr Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 7 və 13-cü maddələrini pozublar». Ötən il iyulun 24-də günorta saatlarında tutulan Hüseynovun həbsi ilə bağlı məlumatın onun qohumlarına axşam saatlarında verilməsi, vaxtında vəkillə təmin olunmaması, ilkin sübutlar barədə protokolun ikinci səhifəsində jurnalistin imzasının saxtalaşdırılması, evində axtarış aparılarkən öz kompüteri ilə yanaşı heç bir əsas olmadan qardaşı oğlunun da kompüterinin götürülməsi işçi qrupu tərəfindən pozuntu hesab edilib.

İşçi qrupunun hesabatla bağlı yekun rəyində göstərilir: «Müşfiq Hüseynov iyulun 26-da məhkəməyə gətirilərkən məlum olur ki, onun işinə bir il bundan qabaq Hüseynovu siyasi sifariş əsasında 9 aylıq həbsə məhkum edən hakim Gülnarə Tağızadə baxacaq. Hüseynov və onun vəkili Tağızadənin qərəzliliyini əsas gətirərək məhkəmə tərkibinə etiraz edir. Lakin bu vəsatət təmin olunmur, üstəlik Tağızadə Hüseynovun səhhətində ciddi problemlərin olduğunu, himayəsində iki azyaşlı uşağın və xəstə həyat yoldaşının olmasını nəzərə almayaraq jurnalist barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçir».

İşçi qrupu avqustun 1-də istintaq orqanlarının hazırladığı və Hüseynovun həbsini əks etdirən «montaj olunmuş videosüjet» bütün telekanallarda yayımlanır. Həmin süjetdə jurnalistin istintaq bitmədən və məhkəmənin hökmü olmadan «cinayətkar» adlandırılmasını işçi qrup təqsirsizlik prezumpsiyasının pozulması sayır və bildirir ki, bu, «Televiziya və radio yayımı haqqında» və «İctimai televiziya və radio yayımı haqqında» qanunların üst-üstə beş maddəsinin pozulması deməkdir. İşçi qrupu bununla bağlı olaraq diqqəti daha bir məqama yönəldib: «Həmin videosüjetdə qeyd edilirdi ki, Müşfiq Hüseynovun kompüterində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi haqqında həqiqətə uyğun olmayan rüsvayedici materiallar tapılıb, lakin məhkəmə araşdırması zamanı məlum oldu ki, kompüterlərin qaytarılması haqqında protokolda kompüterlərdən istintaq üçün zəruri materialın tapılmadığı qeyd olunub».

Emin Hüseynov bildirdi ki, işçi qrup Müşfiq Hüseynovun işi ilə bağlı 2007-ci il iyulun 25-dən sentyabrın 18-dək olan müddətdə müvafiq dövlət qurumlarına 21 informasiya sorğusu göndərsə də, onlardan yalnız 4-ü cavablandırılıb. Cavablandırılan sorğulardan ikisində qoyulmuş suallara tam cavab verilməyib. Emin Hüseynov bildirdi ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və nazirliyin aparat rəhbəri Rizvan Əliyev sorğulara cavab verməyib. Müşfiq Hüseynovun həbsinin MTN-in antiterror şöbəsi tərəfindən həyata keçirildiyi məlum olub. İşçi qrup belə bir rəyə gəlib ki, Müşfiq Hüseynov «Bizim Yol» qəzetində heç bir rəsmi vəzifə tutmadığından və süjetdən də məlum olduğu kimi, Rizvan Əliyevə hədə-qorxu gəlmədiyindən onun əməli rüşvət alma kimi tövsif oluna bilməz. İşçi qrupu belə bir rəyə gəlib ki, Hüseynovun sifarişli həbsi onun simasında Azərbaycan jurnalistlərini rüşvətxor kimi təqdim etmək və həbsdə olan başqa jurnalistlərin əfv edilməməsinə «əsas» yaratmaq məqsədi daşıyıb.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev dedi ki, iyulun 10-da Yeni Azərbaycan Partiyasının media rəhbərləri ilə keçirdiyi dialoq görüntüsü də buna hazırlıq idi: «Onlar istəyirdilər ki, fasilə götürüb hazırlaşsınlar və mediaya qarşı yeni hücuma keçsinlər. Mən bu barədə proqnoz vermişdim, təəssüf ki, doğru çıxdı».
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Müşfiq Hüseynovun siyasi motivlərə görə və xüsusi sifarişlə tutulmasına baxmayaraq, onun adının siyasi məhbus siyahılarına salınmadığını bildirib. O, AŞ PA-da martın 13-də siyasi məhbuslarla bağlı məruzənin olmayacağını dedi. Bununla belə quruma müraciət olunmasını vacib saydı.
Vəkil Vüqar Xasayev Rizvan Əliyevin rüşvət məsələsinə aidiyyatı olmayan bir struktura – MTN-in antiterror bölməsinə müraciət etməsinə diqqəti cəlb edib. Vəkil bildirib ki, saxlama protokolu saxtalaşdırılıb. Videosüjetdən də bəlli olur ki, Müşfiq Hüseynov Nazirliyin rəhbərliyinin şəxsi həyatı ilə bağlı rüsvayedici materiallar olarsa, bunu qəzetdə dərc etməyəcəyini, onlara təmənnasız verəcəyini deyib. Ancaq cinayət işi məhz onun guya rüsvayedici materiallara görə rüşvət almasını sübut etməyə çalışıb. Vəkil məhkəmənin də qanun pozuntuları ilə aparıldığını deyib: «Buna görə biz Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Bütün instansiyalar keçildikdən sonra isə Avropa İnsan Haqları Məhkəməsinə şikayət olunacaq».

Sonda işçi qrup hakimiyyətə və beynəlxalq təşkilatlara Müşfiq Hüseynovun azad edilməsi haqda tövsiyələr verib.

Gülnarə Əmirqızı

Bizim Yol, 15 fevral 2008-ci il
http://www.bizimyol.az/?mod=news&act=view&nid=8702

No comments: