12.2.08

Məhkəmələri acınacaqlı durumdan necə xilas etmək olar?

Azərbaycanda insanların sosial-siyasi hüquqlarının belə kütləvi şəkildə pozulmasının başlıca səbəbi məhkəmələrdir. Bu ölkədə digər dövlət strukturları kimi məhkəmə sisteminin də korrupsiya içində boğulması, məhkəmədə qərarların sifariş və ya rüşvət əsasında çıxarılması əksər beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb. Normal ölkələrdən fərqli olaraq, Azərbaycanda demək olar ki, heç kim artıq məhkəməyə "ədalət evi" kimi baxmır. Əksinə, bu gün vətəndaşların haqqını ən çox pozan, "ağa qara deyən" elə məhkəmələrdir. Sülh və Demokratiya Institutu, Azərbaycan Hüquqşünaslar Forumu və Hüquq Islahatları Koalisiyası məhkəmə sisteminin vəziyyətini araşdırıb, mövcud problemlərin aradan qaldırılması üçün bir sıra tövsiyələr hazırlayıb. Hərçənd hüquqşünasların bir çoxu hesab edir ki, məhkəmələrdəki vəziyyətin düzəlməsi üçün ilk növbədə siyasi iradə olmalıdır. Yəni, məhkəmələr, hakimlər sözün əsl mənasında müstəqil olmalıdır, onların kimdənsə asılılığı olmamalıdır ki, gələcəkdə hansısa qərarı qəbul edəndə də heç kimdən çəkinməsinlər. Sülh və Demokratiya Institutu, Azərbaycan Hüquqşünaslar Forumu və Hüquq Islahatları Koalisiyasının hazırladığı təkliflər paketində yer alan tövsiyələrin həyata keçirilməsi problemləri tam aradan qaldırmasa belə, vəziyyətə müəyyən qədər təsir göstərə bilər. Qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var? Tövsiyələrin qanunvericiliyə aid hissəsində göstərilir ki, beynəlxalq təcrübədə hakimlər assosiasiyası, onun səlahiyyətləri, fəaliyyət qaydası qanunvericiliklə tənzimlənir. Bu da qurumun yerinə yetirdiyi funksiyanın xüsusi önəmi ilə bağlıdır. Azərbaycan qanunvericiliyi isə buna çox səthi yanaşıb: hakim assosiasiyalarının sadəcə olaraq adını çəkməklə kifayətlənib. Tövsiyə müəllifləri hesab edir ki, qanunvericilikdə hakim assosiasiyalarının statusu ilə bağlı normalar təsbit edilməlidir. Məhkəmə-Hüquq Şurasının statusu ilə bağlı normalar da qeyri-müəyyən və ziddiyyətlidir. O, əksər ölkələrdəki kimi hakimlərin özünüidarə orqanı kimi yox, faktiki müvafiq icra hakimiyyətinin (Ədliyyə Nazirliyi) tabeçiliyində olan bir qurum kimi çıxış edir. Ona görə də qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyətinin asılılığından çıxarılması, onun hakimlərin özünüidarə sisteminin səmərəli və real mexanizmlərinə çevrilməsi üçün real təminatlar nəzərdə tutulmalıdır. Yeni qaydalara görə, qiymətləndirmə nəticəsində konkret hakimin peşəkar çatışmazlığı aşkar edilərsə, Məhkəmə-Hüquq Şurası onun səlahiyyətlərinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanına təqdimat verir. Hakimin işinin məqbul qiymətləndirilməsi üçün hansı meyarların əsas götürülməsi məsələsi qanunda müəyyən edilmədiyindən bu, sui-istifadə imkanları açır. Ona görə də qanunvericilikdə həmin meyarlar dəqiq müəyyən edilməlidir. Ixtisas imtahanı verdikdən sonra hakimlərin vəzifəyə təyini ilə bağlı məsələlər də qanunvericilikdə dəqiq tənzimlənməyib. Bu boşluğun nəticəsində Məhkəmə-Hüquq Şurası qanunda nəzərdə tutulmayan prosedurlar müəyyən edib ki, onların çoxluğu, dəqiq meyarların olmaması sui-istifadə, korrupsiya və pozuntular üçün şərait yaradır. Qanunvericilikdəki bu nöqsanlar aradan qaldırılmalı, hakimlərin seçilməsinin şəffaf və dəqiq tənzimlənmiş meyarları müəyyən olunmalıdır. Istər vakant hakim vəzifəsinə hakim olmayan namizədlərin seçilməsi, istər dövlət qulluğuna qəbul, istərsə də Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı bütün qaydalar Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq Milli Məclis tərəfindən müəyyən edilməlidir. Qanunda icra hakimiyyəti orqanlarından, parlamentdən, ictimai qurumlardan (hakimlər assosiasiyaları, Vəkillər Kollegiyası) Məhkəmə-Hüquq Şurasına namizədlərin irəli sürülməsi prosedurlarının dəqiq tənzimlənməməsi bu prosesin dar dairədə, geniş müzakirələr aparılmadan həyata keçirilməsinə gətirib çıxarıb. Qanunvericilik Məhkəmə-Hüquq Şurasına namizədlərin seçilməsi məsələsinin həllini kollegial orqanların səlahiyyətinə aid etməli, namizədlərin geniş müzakirələr əsasında müəyyənləşdirilməsi qaydasını nəzərdə tutmalıdır. Şurada təmsil olunacaq 6 hakimin namizədliyini hakim assosiasiyaları təklif edir. Azərbaycanda Bakı və şəhər-rayon hakimləri assosiasiyası və iqtisad məhkəmələri hakimlərinin assosiasiyasının mövcudluğu barədə məlumatlar verilsə də, bu qurumlar barədə təsəvvür həm hakimlər arasında, həm də cəmiyyətdə çox məhduddur. Məhkəmə-Hüquq Şurasına həmin assosiasiyaların namizədləri nə vaxt və harada irəli sürməsi, yığıncaqda nə qədər hakimin iştirak etməsi, namizədlərin hansı qaydada irəli sürülməsi barədə məlumatları əldə etmək üçün edilən bütün cəhdlər boşa çıxıb. Bu işin şəffaf prosedurlar əsasında bütün hakimlərin, hüquq ictimaiyyəti nümayəndələrinin iştirakı ilə reallaşdırılması təmin olunmalıdır. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, qəbul etdiyi qərarlar, hakim seçkiləri ilə bağlı görülən işlər üzərindən məxfilik örtüyü götürülməli, bu proseslər şəffaf və ictimaiyyət üçün açıq olmalıdır. Şəffaflıq prinsipinin pozuntusu korrupsiya əməli kimi qiymətləndirilməlidir. Hakimləri necə seçməli? Hakim vəzifəsinə namizədlərin seçilməsinin obyektiv meyarları müəyyən olunmalı, seçim proseduru ya test imtahanları ilə məhdudlaşdırılmalı, ya da şifahi müsahibə mərhələsi qanunla tənzimlənən prosedurlar və meyarlar əsasında aparılmalıdır. Hakimliyə namizədlərin irəli sürülməsi, hakimlərin ixtisasının artırılması, hakimlərin etika qaydalarının müəyyən edilməsi və başqa məsələlərlə bağlı hakimlər assosiasiyasının səlahiyyətləri genişləndirilməlidir. Hakimlərin "aşağı vəzifəyə keçirilməsi", "iş yerinin dəyişdirilməsi" kimi intizam tədbirləri qanunvericilikdən çıxarılmalıdır. Yuxarı instansiya məhkəmə sədrləri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin sədrlərini Məhkəmə-Hüquq Şurasının rəyini nəzərə almadan icra hakimiyyətinin təyin etməsi qaydası ləğv edilməlidir. Andlılar Məhkəməsi niyə yaradılmır? Hüquqşünasların fikrincə, üçpilləli məhkəmə sisteminin təbiətinə zidd olan əlavə kassasiya instansiyası (Ali Məhkəmənin Plenumu) ləğv edilməlidir. Məhkəmə sisteminin sturukturuna uyğun olmayan, professionallıq baxımından fərqlənməyən, daha çox siyasi sifarişlərin icrası alətinə çevrilmiş ağır cinayətlərə dair işlər üzrə məhkəmələr ləğv edilməli, onların yerinə Andlılar Məhkəməsi yaradılmalıdır. Andlılar Məhkəməsinin yaradılması qanunda nəzərdə tutulsa da, bu istiqamətdə heç bir iş görülmür. Naxçıvan Ali Məhkəməsinin mövcudluğu Azərbaycanın məhkəmə sisteminə uyğun gəlmir. Bu qurumun mövcudluğunun məqsədəuyğunluğu məsələsi yenidən nəzərdən keçirilməlidir. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən ixtisaslaşdırılmış məhkəmələrin (inzibati, vergi, əmək və s. işlər üzrə məhkəmələr) yaradılması yolu ilə məhkəmə sisteminin yenidən qurulması da müzakirə oluna bilər. Inzibati Prosessual Məcəllənin qəbulu sürətlənməli, inzibati icraatdan doğan mübahisələrə baxan hakimlər korpusunun formalaşdırılmasına başlanmalıdır. Məhkəmələrin müstəqilliyi üçün nə etməli? Məhkəmələrin maddi-texniki təminatı Ədliyyə Nazirliyindən alınıb Ali Məhkəmə yanında xüsusi quruma tapşırılmalı, məhkəmə sisteminin saxlanmasına dövlət büdcəsindən ayrılan vəsaitlər bu qurum vasitəsilə xərclənməlidir. Məhkəmə sədrlərinin işlərin bölgüsü sahəsində səlahiyyətləri hakimlərin bir tərəfdən sədrdən asılılığına, digər tərəfdən isə qanuna zidd əməllərinə şərait yaradır. Ona görə də işlərin bölgüsünün subyektiv amillərdən asılılığına son qoyan qaydalar (məsələn, işlərin kompüter vasitəsilə bölgüsü) tətbiq edilməlidir. Məhkəmə binaları elə qurulmalıdır ki, məhkəmə prosesləri ədalət mühakiməsinin həyata keçirilməsi tələblərinə cavab versin. Zallar çəkişmə prinsipinin gerçəkləşdirilməsinə imkan verən şəkildə qurulmalıdır. Bu, məhkəmələrin nüfuzuna müsbət təsir göstərən vacib amillərdən biridir. Hakimlər arasında ixtisaslaşmanın aparılması (mülki və cinayət işləri, əmək, ailə-nikah, vergi və s. işlərə baxan hakimlər) da ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir göstərə bilər. Hakimlərin intizam məsuliyyətinə cəlb olunması üçün Məhkəmə-Hüquq Şurasına müraciət etmək hüququnun vətəndaşlara da verilməsi bu institutun səmərəliliyini daha da yüksəldərdi. Konstitusiya Məhkəməsinin icraatının subyektləri və predmeti genişləndirilməli, o, ali konstitusiya mühakiməsi orqanına layiq şəxslərdən komplektləşdirilməlidir. Konstitusiya Məhkəməsi bütün səviyyələrdə hüququ pozanlar qarşısında keçilməz səddə çevrilməlidir. Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında əlaqədar, səlahiyyətlərin dəqiqləşdirilməsi, kassasiya instansiyasında və Konstitusiya Məhkəməsində işə baxmanın hədləri, Konstitusiya Məhkəməsinin ləğv etdiyi qərarlar üzrə işlərə yenidən baxılması qaydası və məhkəmə qərarlarının icrası, icra edilmiş qərarların taleyi, icranın geriyə dönüşü və digər məsələlərlə bağlı qanun müddəalarının təkmilləşdirilməsinə də ehtiyac var. Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarları ilə əlaqədar hökumət Avropa Konvensiyasının qurbanlarına kompensasiya ödəməklə işini bitmiş saymamalı, həmin pozuntuları doğuran ümumi xarakterli (qanunvericilik səviyyəsində və praktiki xarakterli) tədbirlər də həyata keçirməlidir. Bu barədə cəmiyyətə ətraflı məlumat verilməlidir. Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları əsasında vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnu pozmuş hakimlərin intizam məsuliyyətinə cəlb olunmasını müəyyən edən qanunvericiliyə əsasən bu cür prosedurlar təmin olunmalıdır. Azərbaycandan Avropa Məhkəməsinə namizədlərin siyahısı ictimaiyyətlə geniş müzakirələrdən sonra müəyyən edilməlidir. Vəkilliklə bağlı tövsiyələr Vəkillər Kollegiyasına üzvlüyə qəbulun şəffaf prosedurlar və obyektiv keçirilməsinin təmin olunması məqsədilə qanunvericilik və təşkilati xarakterli tədbirlər həyata keçirməlidir. Vəkillər Kollegiyasının Nizamnaməsi, Ixtisas Komissiyası, Intizam Komissiyası haqqında əsasnamələrin, o cümlədən Kollegiyaya qəbulla bağlı prosedurları tənzimləyən normativ aktların hazırlanması, müzakirəsi və qəbulu Kollegiya üzvlərinin, o cümlədən hüquqşünas birliklərinin, beynəlxalq təşkilatların ekspertlərinin bu işə fəal cəlb olunması yolu ilə həyata keçirilməlidir. Avropa Konvensiyasının müvafiq müddəaları rəhbər tutulmaqla hökumət və ictimaiyyət tərəfindən ayrı-seçkiliyə, qanunsuz müdaxiləyə yol verilmədən hüquqşünas peşəsini həyata keçirmək azadlığına hörmət etmək, onu müdafiə etmək üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir. Hakimlər Avropa Məhkəməsinin təcrübəsindən istifadə etməlidir "Sərbəst toplaşmaq azadlığı haqqında" yeni qanun qəbul edilməlidir. Icra hakimiyyəti orqanlarının, o cümlədən rayon və şəhər rəhbərliyinin qanunvericiliyə əməl etməsi üçün tədbirlər görülməlidir. Vətəndaşların sərbəst toplaşmaq hüququnu, azadlıq və şəxsi toxunulmazlığını pozan polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməlidir. Qanunsuz hərəkətlərlə (zor tətbiq edilməsi, təhqiramiz hərəkətlər, söyüşlər və s.) bağlı maddi və mənəvi zərərin ödənilməsi tələbi irəli sürülməlidir. Toplantı iştirakçılarının şikayətlərinə baxılması zamanı qanunsuz və əsassız qərarlar çıxaran hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinə nail olunmalıdır. Bu məqsədlə hər bir konkret cinayət və mülki iş üzrə qanunsuz qərar çıxarmış hakimlər barəsində intizam icraatının qaldırılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilməlidir. Ölkədə gerçək söz azadlığının bərqərar olması üçün ilk növbədə cinayət qanunvericiliyinin böhtan və təhqirə görə cinayət cəzaları (azadlıqdan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması) nəzərdə tutan maddələrinə moratorium qoyulmalıdır. Bununla yanaşı, mütərəqqi təcrübələr, konkret hüquqi konsepsiyalar öyrənilməklə diffamasiyaya görə mülki məsuliyyət müəyyən edən qanun layihəsi hazırlanıb ən qısa zamanda qəbul edilməlidir. Həmin qanun ölkədə ifadə azadlığına təminat verməli, ləkələyici bilgilərin yayılmasını önləməli, sui-istifadə hallarını qarşısını almaq üçün şərəf, ləyaqət və işgüzar nüfuz anlayışına dəqiq tərif verməli, mənəvi zərərin əvəzinin tam, adekvat ödənilməsini təmin edəcək kriteriyalar müəyyən etməli, diffamasiyaya qarşı güclü müdafiəni təmin etməli, dövlət qurumlarına diffamasiya ilə bağlı iddialar qaldırmağı yasaqlamalı, ictimai əhəmiyyətli məsələlər, eləcə də ictimai və siyasi fiqurlarla bağlı yazılara görə jurnalistlər üçün immunitet müəyyən etməli, jurnalistləri ictimai-siyasi, korrupsiya faktları ilə bağlı mövzularda yazmaqdan çəkindirən başqa əngəlləri aradan qaldırmalıdır. Mediaya qarşı işlərə baxılarkən Avropa Məhkəməsinin uyğun presedent hüququ tətbiq edilməli, diffamasiya işlərini qabaqcıl meyarlara uyğun həll edə bilmələri üçün hakimlərə treninq-təlimlər keçirilməlidir.

Azadlıq, 10 fevral, 2008

http://www.azadliq.az/index.php?subaction=showfull&id=1202656762&archive=&start_from=&ucat=13

No comments: