
"Biz indiyə qədər bir sıra Avropa ölkələri ilə PKK məsələsini müzakirə etmişik. Azərbaycanla isə ilk dəfədir ki, bu barədə danışırıq". Bunu "Azadlıq" radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin başçısı Conatan Henik deyib. Səfirlik rəsmisi bildirib ki, hazırda danışıqlar məlumat toplamaq xarakteri daşıyır.
Qeyd edək ki, Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini - dövlət katibinin müşaviri Frenk Urbançik fevralın 14-də xarici işlər nazirinin müavini Araz Əzimovla görüşdə terrorçuluqla mübarizə məsələsini müzakirə edib. Görüşdə PKK ilə mübarizə məsələsi də müzakirə olunub.
C.Henikin sözlərinə görə, ABŞ rəsmisi bununla yanaşı, ölkə rəsmiləri ilə görüşlərində başqa məsələlərə də toxunub: "Söhbət enerji infrastrukturunun təhlükəsizliyindən gedir. Müzakirələrdə həmçinin, iki ölkənin terrorçuluqla mübarizədə əməkdaşlığın bütün aspektlərinə toxunulub ki, onların içərisində "Əl-Qaidə" də var".
Bu arada Türkiyənin "Show" telekanalı ölkə silahlı qüvvələrinin ölkənin İraqla həmsərhəd bölgələrində PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatlardan sonra terrorçuların Ermənistan və bu ölkənin işğalı altında olan Azərbaycan torpaqlarında cəmləşməyə başlaması barədə xəbər yayıb. Məlumata görə, Türkiyə silahlı qüvvələri PKK düşərgələrini bombalayandan sonra terrorçular İrana yox, məhz Ermənistana üz tutublar. Bu məlumatı İsrail xüsusi xidmət orqanları da təsdiqləyib.
PKK rəhbərliyinin qərarına əsasən isə Azərbaycanın erməni işğalı altında olan Qarabağda Laçın və Füzuli rayonları terrorçular üçün mərkəz seçilib.
Xatırladaq ki, vaxtilə Türkiyənin nüfuzlu "Hürriyət" qəzeti rəsmi Ankaranın atdığı addımlar nəticəsində İraqın şimalında vəziyyəti gərginləşən PKK terror təşkilatının qərargahını Ermənistanın işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirmək barədə qərar verməsi barədə məlumat yaymışdı.
Nəşr bildirmişdi ki, daha əvvəl Suriyada yerləşən və Türkiyənin təzyiqləri ilə bu ölkədən çıxan PKK indi də Şimali İraqı tərk etmək niyyətindədir.
Plana görə, terrorçular əvvəlcə Avropa ölkələrindən birinə, oradan isə Azərbaycanın işğalı altında olan Qarabağ bölgəsinə keçəcəklər. Bu məqsədlə PKK-çılar erməni diasporunun üzvləri ilə əlaqə yaradıblar. Qəzetin kəşfiyyat məlumatlarına istinadən verdiyi məlumata görə, PKK-nın uzun müddətdir ki, Cənubi Qafqaz bölgəsində çirkli pul ötürmə nöqtəsi fəaliyyət göstərir. Bu işi PKK fəalı olan erməni terrorçuları həyata keçirir ("AssA-İradə").
525-ci qəzet, 16 Fevral 2008-cı il N 29(2620)
No comments:
Post a Comment