16.2.08

TÜRKİYƏ QARABAĞA GİRƏ BİLƏR

İşğaldakı torpaqlara sızan PKK düşərgələri vurulacaq
Terrorçu təşkilat əleyhinə ABŞ-türkiyə-azərbaycan ittifaqı yaranır



Türkiyə PKK-ya qarşı ötən ilin payızından başlatdığı irimiqyaslı hərbi əməliyyatlar çərçivəsində terror təşkilatının Qarabağdakı düşərgələrinə də zərbələr endirə bilər. Türkiyədəki mənbələrdən əldə etdiyimiz məlumata görə, bu məsələ Ankara ilə Vaşinqton arasında PKK strukturlarının dağıdılmasına dair ikitərəfli müzakirələrdə gündəmə gəlib. Bildirilir ki, Vaşinqton PKK-nın Azərbaycan ərazisində də fəallaşa biləcəyini nəzərə alaraq bu variantın müzakirəsinə qarşı deyil.
Xəbər verildiyi kimi, ABŞ ilk dəfədir ki, PKK məsələsini Azərbaycanla ikitərəfli antiterror danışıqlarında gündəmə gətirib. Ankaradan sonra Bakıya səfər edən ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini - dövlət katibinin müşaviri Frenk Urbançik rəsmilərlə bu barədə danışıqlar aparıb.
F.Urbançiklə görüşən xarici işlər nazirinin müavini Araz Əzimov təsdiq edib ki, PKK Azərbaycan üçün də təhdid təşkil etməyə başlayıb. Nazir müavini bu barədə danışarkən "bu təşkilat artıq bizim ölkəmizə daha da yaxınlaşır" deməklə müzakirələrin ciddi müstəvidə aparıldığına işarə edib.
Türkiyə və Azərbaycan mediasında Şimali İraqda sıxışdırılan PKK-nın Ermənistana, ordan isə işğal olunmuş Azərbaycan ərazilərinə keçdiyi və burada bazalar qurduğuna dair materiallar vaxtaşırı yayılıb. Görünür, artıq bu məlumatlar kifayət qədər dəlil-sübuta söykəndiyindəndir ki, rəsmi dairələr də hərəkətə keçib. ABŞ rəsmilərinin Azərbaycanla PKK müzakirələrinə başlaması isə vəziyyətin gözlədiyimizdən də ciddi müstəviyə keçdiyinə işarədir.
Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti heç vaxt indiki kimi açıq şəkildə PKK mövzusunda belə ürəklə danışmayıb. A.Əzimovun "ABŞ Azərbaycanla antiterror danışıqlarında PKK məsələsini müzakirə edir" açıqlaması bu məsələyə münasibətdə kardinal dəyişikliyin baş verməsinin sübutudur. Qeyd edək ki, son vaxtlara kimi hakimiyyət ən müxtəlif bəhanələrlə PKK məsələsinə münasibət bildirməkdən boyun qaçırırdı. Hətta bəzi rəsmilər tərəfindən "dəhliz söhbəti" janrında "PKK-nı terrorçu təşkilat kimi tanımağımız Azərbaycana təhlükə vəd edir" kimi açıqlamalar da verilib.
PKK məsələsinin müzakirəsi zamanı ABŞ-ın bir ayağının Türkiyədə, digərinin Azərbaycanda olması prosesin ciddiliyindən xəbər verir. Vaşinqton artıq PKK-nı öz düşməni elan edib və belə görünür ki, bu, yalnız sözlərdən ibarət siyasi bəyanat deyil. ABŞ bu terror hörgütünü tamamilə ləğv etməkdə qərarlı təsiri bağışlayır.
Bu dövlət onun Azərbaycandakı maraqlarını da hədəfə alacağını bəyan etməsinin müqabilində PKK-ya qarşı hərəkətə keçib. PKK-nın Bakı-Tiflis-Ceyhan neft kəmərinə və başqa strateji enerji infrastrukturlarına qarşı terror aktları törədə biləcəyi barədə məlumatlar da görünür ciddi imiş.
Dünən F.Urbançikin Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərində apardığı danışıqlarda da PKK məsələsinin önəmli yer tutduğu şübhə doğurmur. Belə görünür ki, PKK-ya qarşı mübarizədə "ABŞ-Türkiyə-Azərbaycan" koalisiyası formalaşmaqdadır.
Bu arada İsrail xüsusi xidmət orqanları PKK terrorçularının erməni işğalı altında olan Azərbaycan torpaqlarında cəmləşdiyini təsdiqləyib. Məlumatda deyilir ki, Türkiyə Silahlı Qüvvələrinin ölkənin İraqla həmsərhəd bölgələrində PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatlardan sonra terrorçular Ermənistana və erməni işğalında olan Azərbaycan torpaqlarında cəmləşməyə başlayıblar. APA Türkiyənin "Show TV" televiziya kanalına istinadən xəbər verib ki, Türkiyə Silahlı Qüvvələri PKK düşərgələrini bombalayandan sonra terrorçular İrana yox, Ermənistana üz tutublar. Bu məlumatı İsrail xüsusi xidmət orqanları da təsdiqləyib. PKK rəhbərliyinin qərarına əsasən, Azərbaycanın işğal altındakı Füzuli və Laçın rayonları terrorçular üçün mərkəz seçilib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Münhen şəhərində ermənilərə xitabən "Qarabağı tərk edin" məzmunlu sərt bəyanat vermişdi. Bəzi müşahidəçilər hesab edir ki, Türkiyə rəsmilərinin beynəlxalq tədbirdə ilk dəfə belə sərt mövqe ortaya qoyması qardaş ölkənin Qarabağda PKK əleyhinə hərbi əməliyyatlar keçirə biləcəyinin anonsu ola bilər. Son vaxtlara qədər ABŞ-ın PKK-nı sözdə terrorçu təşkilat olaraq tanıması prosesinin arxada qaldığını söyləməkdən ötrü zəmin yaranıb. Vaşinqton artıq onun da maraqlarını açıq-aşkar təhdid edən terrorçu təşkilatın yuvalarını dağıtmaqdan ötrü birmənalı mövqe sərgiləməkdədir.
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik dünən qəzetimizə açıqlamasında Azərbaycan rəsmiləri ilə aparılan danışıqlarda PKK məsələsinin qaldırıldığını bir daha təsdiqlədi: "Mən danışıqlarda iştirak etmədiyimə görə müzakirələrin konkret detalları barədə açıqlama verə bilmirəm. Onu deyə bilərəm ki, Azərbaycanda PKK-nın mövcud olması barədə bizim məlumatımız yoxdur. Sadəcə, biz belə bir söyləntilər eşidirik. Təbii ki, Azərbaycan hökumətinin nümayəndələri ilə bu məsələ barədə danışıqlar aparmağa hazırıq. İndi Türkiyə, İraq, Avropa ölkələrində PKK nümayəndələri var və PKK problemi mövcuddur. Təbii ki, əgər bu problem Azərbaycanda da çıxsa, heç şübhəsiz biz Azərbaycanla əməkdaşlıq edəcəyik".
İşğal olunmuş ərazilərdə PKK-çıların yerləşdiyi barədə Türkiyə və İsrail mənbələrinin yaydığı məlumatlardan sonra ABŞ həmin düşərgələri hədəfə ala bilərmi? C.Henik bu sualın cavabında "mən nə olacağını dəqiq deyə bilmərəm" söylədi. Sonra isə əlavə etdi ki, terrorizmə qarşı mübarizədə sülhsevər ölkələr və hökumətlər bərabər işləməlidir: "Amma bizim üçün prioritet İraqda, Türkiyədə olan PKK-ya qarşı mübarizədir. Əgər PKK barədə sizin dediyiniz məlumatlar təsdiqlənsə, biz Azərbaycan hökuməti ilə danışıqlar aparmağa hazırıq".
XİN-in mətbuat katibi Xəzər İbrahim PKK təhlükəsinin olduğunu söylədi: "Özü də bu təhlükə çox yüksəkdir. Çünki birincisi, işğal olunmuş ərazilərə rəsmi Bakı hal-hazırda nəzarət edə bilmir. İkinci təhlükə ondan ibarətdir ki, həmin ərazilərə terrorla bağlı təcrübəsi böyük olan işğalçı dövlət nəzarət edir. Hazırda PKK-nın da orada yerləşdirilməsi haqqında məlumatlar yayılır. Nəzərə alsaq ki, PKK özü regionda terror aktları həyata keçirir və eyni zamanda Azərbaycan ərazisində də müvafiq infrastrukturun vurulması ilə bağlı bəyanatlar verib. Ümumi təhlükə çox yüksək səviyyədədir. Ona görə də buna müvafiq reaksiya vermək lazımdır. Azərbaycan tərəfi də bu istiqamətdə siyasi məsləhətləşmələr aparır, eyni zamanda bu məsələni həm regional, həm də ki, müttəfiq dövlətlərlə müzakirə edir".
Hansısa konkret hərbi addımların atılması perspektivinə gəldikdə isə X.İbrahim bildirdi ki, bunun üçün müvafiq şərait olmalıdır: "Azərbaycan, təbii ki, bütün təhlükələri və təhdidləri dəf etmək üçün müvafiq addımlar atmaq iqtidarındadır".
Günün sonunda əldə etdiyimiz bilgilərsə olduqca maraqlıdır. Mövzunu adının açıqlanmaması şərti ilə şərh etməyə razılaşan bir qaynağın (rəsmi şəxs - red.) məlumatına görə, PKK-nın yardımçı düşərgələri Dağlıq Qarabağ ərazisində çoxdan mövcuddur: "İndi sadəcə həmin düşərgələr gücləndirilir. PKK-nın hərbi qolu tamamilə Dağlıq Qarabağa gətirilir. Türkiyəni və Amerikanın da narahat edən məhz bu faktdır. Bu terror hörgütü birdən-birə neft kəmərlərinə çox yaxınlaşdı. Üstəlik, PKK Amerikadan küsüb. Bu küskünlüyü isə çox təhlükəli bir variantda - terror hərəkətləri törətməklə ifadə edə bilər. Ona görə də Amerika istəyir ki, PKK Qarabağdan çıxarılsın. Onu da yalnız silahlı müdaxilə ilə oradan çıxartmaq olar. Hazırda Azərbaycan və Türkiyə arasında ortaq bir əməliyyatla yeri təsbit edilmiş PKK düşərgələrinin bombalanması mövzusunda müzakirələr gedir. Böyük ehtimalla bu, yaxın aylarda baş verəcək. Bu prosesdə Amerika da yaxından iştirak etməlidir. Artıq Bakıya hər iki xarici dövlətin gərəkli əsgəri heyəti yerləşdirilib".
Bizim qaynağın iddiasına görə, Amerikanın da yaxından dəstəyi ilə PKK kamplarını əldə əsas tutaraq Türkiyə və Azərbaycanın hərbi qüvvələri birgə əməliyyatlar həyata keçirə bilərlər: "Yaz aylarında həm havadan, həm də qurudan əməliyyatların olması mümkündür və belə bir plan üzərində iş gedir. ABŞ-a İranla sərhəddi olan bir neçə rayonun, heç olmasa Füzulinin Azərbaycanın nəzarəti altına qayıtması lazımdır. Gələcəyə hesablanmış strateji maraqlar baxımından Azərbaycanın işğal altında olan və İranla sərhədlərə malik ərazilərinin ermənilərin, deməli həm də rusların nəzarəti altında olması ABŞ-a qətiyyən sərf etmir..."
Azərbaycan hakimiyyəti yaxın vaxtlarda Qarabağdakı PKK düşərgələrinə müdaxilə etməsi üçün rəsmən Türkiyəyə müraciət edə bilər. Planın bir bölümü də budur.
Qeyd edək ki, ABŞ müdafiə naziri Geytsin qarşıdakı günlərdə Türkiyəyə səfəri gözlənilir. Türkiyə mətbuatı bu səfərin PKK-ya qarşı yaz aylarında nəzərdə tutulan ortaq "öldürücü əməliyyat"ı hazırlamaq məqsədi daşıdığını indidən açıqlamağa başlayıb.
Hazırda Türkiyədə səfərdə olan ABŞ-ın ədliyyə naziri Mixael Mikosey də Türkiyə rəsmiləri ilə görüşlərdən sonra yerli mətbuata verdiyi açıqlamada hər iki ölkənin məqsədinin PKK-nı bitirmək olduğunu söyləyib.
Elşad PAŞASOY

Yeni Müsavat, 16 fevral 2008-ci il
http://www.musavat.com/site/shownews.php?news_id=30847

No comments: