13.3.08

"ERMƏNİSTANIN HƏRBİ DOKTRİNASI BU ÖLKƏNİN ZƏİF OLDUĞUNU GÖSTƏRİR"





Xəzər İbrahim: "Azərbaycan Ermənistanın Hərbi Doktrinasında əksini tapan məqamlarla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq"




C.SÜMƏRİNLİ




Bu yaxınlarda Ermənistanın Hərbi Doktrinasının tam mətni açıqlanıb. Ötən sayımızda xəbər verdiyimiz kimi, keçən il dekabrın 25-də Ermənistan prezidentinin imzası ilə təsdiqlənmiş bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəalar yer alır. "Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin və onun seçdiyi inkişaf yolunun təminatçısıdır". Bu müddəa Ermənistanın Hərbi Doktrinasının elə girişində özünə yer alır. Yerevanın nəyə təminat verən dövlət olmasının "səbəb"ləri sənəddə belə izah olunur:
- "soyqırıma məruz qalmış erməni xalqına qarşı Azərbaycan ərazisində (1980-90-cı illərdə Sumqayıt, Bakı və digər yerlərdə) milli zəmində yeni təmizləmə gerçəkliyi;
- Azərbaycan Respublikasının qanuni və dinc yolla öz müqəddəratını təyin etmək uğrunda səy göstərən Dağlıq Qarabağ xalqına qarşı hərbi güc tətbiq etmək siyasəti və onu 1988-1994-cü illərdə müharibəyə təhrik etmək;
- Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etmək səyləri səbəbindən daim fiziki məhv olma təhlükəsinə məruz qalan Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin olunması zəruriliyi;
- Ermənistan Respublikası və Dağlıq Qarabağ Respublikasının və onların əhalisinin tarixən ərazi, mənəvi-dini, etnik və mədəni uyğunluğu;
- Dağlıq Qarabağ xalqının öz tarixi vətənində öz müqəddəratını təyin etmə faktının mübahisəsiz siyasi-hüquqi əsasları;
- Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlətə çevrilməsi gerçəkliyinin dönməzliyi;
- Ermənistan Respublikası və Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin təmin olunması tapşırıqlarının ümumiliyi və qarşılıqlı əlaqədə olması".
Sənədin "vasitələr və hərbi təhlükəsizlik təhdidləri" bölməsində Ermənistanın hərbi təhlükəsizliyinə xarici təhdidlər əksini tapır. Bu təhdidlər arasında "Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu, Azərbaycan Respublikasının Ermənistan Respublikası üzərində hərbi üstünlüyə çatmağa səy göstərməsi, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi və bu məqsədlə Ermənistan Respublikası və ya Dağlıq Qarabağ Respublikası əleyhinə hərbi əməliyyatların hazırlanması" göstərilir.
Eyni zamanda, "Ermənistan Respublikasının əleyhinə istiqamətlənmiş ittifaqların yaradılması vaə genişləndirilməsi, xüsusilə Türkiyə Respublikası ilə Azərbaycan Respublikasının strateji birliyi, onların Ermənistan Respublikasını blokadada saxlamaq istiqamətində addımları, güc tətbiq etmələri Ermənistanın hərbi təhlükəsizliyinə xarici təhdidlər arasında yer alır".
Bu və digər məqamlara Azərbaycan tərəfinin rəsmi mövqeyini öyrənmək üçün Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Xəzər İbrahimlə danışdıq. X.İbrahim Ermənistanın Hərbi Doktrinasına münasibətini belə açıqladı:
- Ermənistanın Hərbi Doktrinasına münasibətim qısa olaraq belədir: birincisi, bu sənəd paradoksaldır, ikincisi, çox aqressivdir, üçüncüsü, regional və beynəlxalq təhlükəsizliyə qarşı olan bir sənəddir və dördüncüsü, Ermənistanın hətta öz maraqlarına zidd olan doktrinadır.
- Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü şübhə altına salınıb. Dünya ölkələrinin hərbi doktrinalarında bu kimi aqressiv məqamlar əksini tapıbmı?
- Ümumiyyətlə, özünə hörmət edən bütün ölkələr heç zaman bu kimi ifadələrdən istifadə etmir. Ermənistan tərəfinin öz Hərbi Doktrinasına bu kimi müddəaları salması onların ya beynəlxalq vəziyyəti, yaşadığı dövrü düzgün başa düşmədiklərini əks etdirir, ya da bu onların bəlkə də müəyyən qədər qeyri-peşəkar olduqlarını göstərir, hərçənd buna mənim çox böyük şübhəm var. Və yaxud onlar bundan hansısa bir təzyiq mexanizmi kimi istifadə etmək istəyirlər. Bu da, yəqin ki, qeyd etdiyim birinci amildən irəli gəlir. Yəni onlar artıq bugünkü həm regional, həm beynəlxalq vəziyyəti, həm də yaşadıqları dövrü düzgün başa düşmürlər və öz illüziyaları ilə dolu siyasəti davam etdirməkdə israrlıdırlar.
Ermənistanın Hərbi Doktrinasının detallarını şərh etmək istərdim. Birincisi, burada paradoks var, çünki bir neçə yerdə qeyd olunur ki, "Ermənistan Silahlı Qüvvələri Ermənistan Respublikasının təhlükəsizliyinin təminatçısıdır". Digər tərəfdən, guya, bu qüvvələr "Dağlıq Qarabağ Respublikası" və onun xalqının təminatçısıdır. Bu fikir Ermənistan rəhbərliyinin bəyan etdiyi məqamı birmənalı olaraq darmadağın edir. Yəni Ermənistan rəhbərliyi dəfələrlə bildirmişdi ki, guya, onlar Azərbaycan torpaqlarının işğal olunmasında iştirak etməmişər, guya, bizimlə savaşan yerli qüvvələr imiş. Digər tərəfdən Ermənistan rəhbərliyi bu günə qədər belə bir tezisdən istifadə edir ki, guya, bu gün də Azərbaycanın işğal olunmuş ərazilərinə məhz onlar nəzarət etmirlər. Amma Ermənistanın Hərbi Doktrinasında onların işğal olunmuş Azərbaycan ərazilərinin "təhlükəsizlik"inin təminatçısı olması qeyd edilirsə, bu birbaşa ona dəlalət edir ki, məhz işğalçı Ermənistandır, məhz onun Silahlı Qüvvələri bu gün Azərbaycan ərazisində yerləşib.
Digər tərəfdən, bu sənəd birbaşa onu göstərir ki, Ermənistan tərəfi nəinki bu gün Silahlı Qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirib, eyni zamanda, etnik təmizləməni də Ermənistan ordusu aparıb. Sənəddə maraqlı bir məqam var. Orada "Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin olunması" ifadəsi var. Bütün dünya bilir ki, Dağlıq Qarabağda iki böyük icma yaşayıb: Azərbaycan və erməni icmaları. Əgər Ermənistan tərəfi öz Hərbi Doktrinasında bu gün olan "Dağlıq Qarabağ xalqı"nın təhlükəsizliyini təmin edəcəyini göstərirsə, bu birbaşa o deməkdir ki, onlar bugünkü vəziyyəti özləri belə qəbul edirlər. Bu isə o deməkdir ki, Azərbaycan icması onlar tərəfindən qəbul edilmir. Bu isə ona dəlalət edir ki, onlar həmin icmanın qovulmasını bu sənəddə təsdiq edirlər. Yəni bu gün Azərbaycan icmasının Dağlıq Qarabağda yaşaya bilməməsi obyektiv bir faktdır. Beləliklə, belə nəticə çıxır ki, o ərazinin təmizlənməsində məhz birbaşa Ermənistan iştirak edib.
Sənəddə onun müdafiə xarakteri daşıdığı qeyd olunub. Lakin əslində orada qeyd olunan müddəalara baxdıqda aydın olur ki, bu heç də müdafiə deyil, əksinə, aqressiv xarakterlidir. Misal üçün, sənəddə bir tərəfdən qeyd olunur ki, bu Hərbi Doktrina Ermənistan Respublikasının təhlükəsizliyini təmin edəcək, digər tərəfdən yazır ki, Ermənistan həmçinin Dağlıq Qarabağın təhlükəsizliyini təmin edəcək. Hərbi Doktrina necə müdafiə xarakteri daşıya bilər ki, orada iki istiqamət göstərilir. Yəni əgər Ermənistan tərəfi müdafiə xarakterli sənəd hazırlamışdısa, belə siyasət yerinə yetirmək fikrindədirsə, onlar yalnız və yalnız Ermənistanın təhlükəsizliyini düşünməli idilər. Lakin hərbi sənəddə Dağlıq Qarabağı qeyd etmələri birbaşa ona dəlalət edir ki, bu sənəd heç də müdafiə xarakterli deyil.
Bu sənədin bəzi müddəalarında daxili təhlükəsizlikdən söhbət gedir, Ermənistanın hərbi təhlükəsizliyinə daxili təhdidlər ola biləcəyindən yazılır. Bu gün mövcud demokratik ölkələrin heç birində Silahlı Qüvvələr və hərbi qüvvələr daxili siyasətə qarışmır. Daxili təhlükələrə cavab vermək üçün hüquq-mühafizə orqanları, daxili təhlükəsizlik qurumları var. Hərbi qüvvələr həmin təhlükələrə cavabdeh deyil. Bu da birbaşa göstərir ki, Ermənistan, əfsuslar olsun ki, zəmanədən və bəşəriyyətin dəyərlərindən kənarda qalıb.
Bir məqamı da nəzərinizə çatdırım. Sənəddə qeyd olunur ki, guya, Ermənistanın təhlükəsizliyinə xarici təhdidlərdən biri də Azərbaycanla Türkiyə arasında strateji birlikdir. Bu da bir paradoksdur. Çünki Azərbaycan, ümumiyyətlə, heç bir hərbi blokun üzvü deyil. Əksinə, Ermənistan hərbi blokun üzvüdür.
- Sizcə, bu sənəd gələcəkdə Qarabağ bölgəsində hərbi əməliyyatların yenidən bərpa olunmasına münbit şərait yaradırmı?
- Bu "dişsiz" bir sənəddir. Bu sənəddə, qeyd etdiyim kimi, hansısa bir hədə-qorxu ruhu var. Amma reallıq var: regionun bütün ölkələri, beynəlxalq aləm, Azərbaycan da çox gözəl bilir ki, Ermənistanın potensialı nədir. Ermənistanın heç bir potensialı yoxdur. Dövlətçiliyin bütün potensialları müqayisə olunsa, görərsiniz ki, Ermənistan bütün parametrlər üzrə Azərbaycandan geridədir. Əgər ümumdaxili məhsula baxsanız, görərsiniz ki, Azərbaycanda bu göstərici Ermənistandakından ən pis halda 4 dəfə çoxdur. Azərbaycan Silahlı Qüvvələri daha çox inkişaf edir, hərbi büdcəsi, iqtisadi potensialı çoxdur, Azərbaycanın dövlətçiliyi güclüdür.
Yəqin ki, bu Hərbi Doktrina ilə Ermənistan tərəfi özü üçün bir imic yaratmaq istəyirdi. Əfsuslar olsun ki, bir tərəfdən onlar özlərinə pis imic yaratdılar, çünki burada çoxlu aqressiv, XXI əsrin dövlətinə uyğun olmayan məqamlar var. Digər tərəfdən, onlar özlərinin nə qədər zəif olduqlarını göstərdilər. Çünki güclü dövlətlər heç zaman öz hərbi doktrinalarında bu kimi məqamları göstərmir. Yəqin ki, bu, zəif dövlətin özünü güclü göstərmək istəyindən irəli gəlir. Lakin reallıqda Ermənistan tərəfi özünü gülünc vəziyyətə qoyub.
- Beynəlxalq təcrübədə doktrinal sənədlərin mahiyyətinə cavabdeh olan hansısa birgə əməkdaşlıq forması mövcuddurmu? Azərbaycan ərazi bütövlüyünün Ermənistan tərəfindən açıq şəkildə şübhə altına salınmasından kiməsə şikayət edə bilərmi?
- Hüquqi cəhətdən belə təcrübə yoxdur. Lakin bu kimi sənədlər birbaşa olaraq dövlətin siyasətini göstərir. Əgər Ermənistanın siyasəti budursa, biz bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracağıq və beynəlxalq ictimaiyyət bunu çox ciddi qəbul etməlidir. Biz bütün görüşlərdə, bütün mövcud beynəlxalq danışıqlarda bu müddəaları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. Çünki bu, Ermənistanın öz işğalçılıq siyasətindən çəkilməməsinə bir işarədir.
Əslində, Ermənistanın bu sənədinin açıqlanması onu göstərir ki, Azərbaycan öz hərbi potensialını gücləndirməklə nə dərəcədə düzgün fəaliyyət göstərir. Fikrimcə, Ermənistan hələ də region üçün ən böyük təhlükədir və onların işğalçı siyasətindən əl çəkməsinə işarə hazırda görünmür.
- Siz rəsmi şəxs olaraq Ermənistanın Hərbi Doktrinasında separat ifadələrin yer alacağını düşünürdünüzmü?
- Açığı, düşünürdüm ki, erməni rəhbərliyi, hərbçiləri bunu hazırlayanda daha realist olacaqlar və artıq başa düşəcəklər ki, onların bu kimi səyləri əbəsdir. Açığını deyim ki, gözləmirdim. Fikrimcə, bu müddəaların yer alması heç də Ermənistan tərəfinin gələcək siyasəti üçün müsbət xarakter daşımayacaq. Bu birmənalıdır.
- Aydındır ki, bu sənədi açıqlamaqla Ermənistan qarşıdakı hərbi-siyasi addımlarını ortaya qoydu. Yəqin ki, Azərbaycan tərəfinin adekvat cavabları olacaq. Azərbaycanın Hərbi Doktrinasında da hansısa məqamlar öz əksini tapmalıdır. Bizim hərbi doktrinamızda Ermənistanın adı işğalçı dövlət kimi əks olunacaqmı?
- Bu məsələ birbaşa olaraq XİN-ə aid deyil. İşçi qrupu var və hərbi doktrinanın hazırlanması ilə birbaşa olaraq Müdafiə Nazirliyi məşğuldur. Sonda orada nəyin əksini tapacağı bilinəcək. Mən hələ onu şərh edə bilərəm.
Amma düşünürəm ki, əsası Hərbi Doktrinada əks olunan məqamların gerçəkliyə uyğunluğu və real potensialı əks etdirməsidir. Ermənistanın hərbi doktrinası bu ölkənin real potensialını, real qüdrətini əks etdirmir. Əksinə, bu sənəd Ermənistanın nə qədər zəif olduğunu bildirir. Azərbaycan isə real olaraq öz potensialını gücləndirməklə məşğuldur və Azərbaycanın hərbi doktrinası da, təbii ki, bütün digər konseptual sənədlərdə olduğu kimi, Azərbaycanın real meyarlarını, potensialını və məqsədlərini əks etdirəcək.

Ayna.az, Ş. , Mar. 8, 2008

No comments: